Qəhvənin psixi sağlamlığa faydalı təsirləri aşkar edildi


Kofein xroniki stress nəticəsində yaranan depressiyanın inkişafının qarşısını ala bilər.
Yeniavaz.com
xəbər verir ki, Çində Çuntsin Tibb Universitetinin alimləri bu nəticəyə gəliblər.
Araşdırmanın nəticələri “European Journal of Pharmacology” (EJP) adlı tibbi jurnalda dərc olunub.
Bildirilir ki, kofein bağırsaq və beyin arasındakı əlaqəyə dolayı yolla təsir göstərir.
“Laboratoriya siçanları üzərində aparılan təcrübə zamanı alimlər xroniki stressi modelləşdiriblər. Məlumdur ki, bu cür stress insanlarda depressiv əlamətlərə bənzər davranış dəyişikliklərinə səbəb olur. Siçanların bir qrupuna əvvəlcədən kofein verilib və sonra onların davranışı, bağırsaq sağlamlığı və orqanizmdə iltihab səviyyəsi müdafiəsiz, stress altında olan digər qrupla müqayisə olunub.
Nəticələr diqqətəlayiq olub: kofein qəbul edən siçanlar stressə məruz qalmayan nəzarət qrupundakı siçanlar qədər aktiv qalıb. Onlarda şirin suya maraq qorunub, bədən çəkisində azalma müşahidə olunmayıb və depressiv davranış əlamətləri qeydə alınmayıb. Bundan əlavə, həmin heyvanların bağırsaq baryerində heç bir pozuntu aşkarlanmayıb, qanlarında və beyində, xüsusilə də əhval-ruhiyyə ilə əlaqəli olan hipokampda iltihab molekullarının səviyyəsi normal qalıb. Bağırsaq selikli qişasının bütövlüyünü qoruyan zülalların səviyyəsi azalmayıb və mikroflora demək olar ki, sağlam vəziyyətdə olub”, - məqalədə deyilir.
Tədqiqatçılar qeyd edirlər ki, bu iş hələ ilkin mərhələdədir. Bildirilib ki, söhbət depressiyanın qarşısının alınmasından gedir, lakin hələlik məlum deyil ki, kofein artıq mövcud olan depressiyanı yüngülləşdirə bilərmi?
Qeyd olunub ki, nəticələr qidalanma, bağırsaq mikrobiomu və psixi sağlamlıq arasında əlaqənin daha da araşdırılmasının vacibliyini təsdiqləyir.

DİGƏR XƏBƏRLƏR

Top