
“Suriyada baş verən prosesləri yaxından izləyirik”.
Yeniavaz.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə İsrail-Suriya qarşıdurması ilə bağlı yerli medianın sualını cavablayarkən deyib.
“Suriyanın ərazi bütövlüyü və suverenliyinə, bölünməzliyinə və siyasi birliyinə dəstəyimizi bir daha ifadə edirik.
Suriyada sülhün, təhlükəsizliyin və sabitliyin bərqərar olunması mütləq dərəcədə vacibdir”, - A. Hacızadə bildirib.
Qeyd edək ki, son bir neçə gündə Suriya silahlı qüvvələrinin cənub bölgələrinə nəzarəti bərpa etmək istiqamətində tədbirləri İsrail ordusunun müdaxiləsi ilə nəticələnib.
Belə ki, Suriyanın cənubunda vəziyyət 13 iyulda kəskinləşib. Həmin vaxt Əs-Süveyda vilayətində ərəb tayfalarının silahlı birləşmələri ilə druz dağlılarının özünümüdafiə dəstələri arasında toqquşmalar başlayıb. 15 iyulda Suriya ordusu vilayətin eyniadlı inzibati mərkəzinə daxil olub və vəziyyəti sabitləşdirmək məqsədilə şəhərin təmizlənməsinə başlayıb. Bundan az sonra İsrail, druz əhalisini qorumaq üçün Suriya Silahlı Qüvvələrinin hərbi kolonlarına zərbələr endirib, 16 iyulda isə Dəməşqdə bir sıra strateji obyektləri atəşə tutub.
Druzlar Suriya, Livan, İsrail və İordaniyada yaşayan, ərəb dilində danışan, etno-konfessional qapalı bir qrupdur. Suriyada 700 min nəfər druz yaşayır və bu, ölkədə kürdlər və ələvilərdən sonra üçüncü ən böyük dini-etnik azlıqdır.