Antarktidanın altında 30 milyon illik qədim mənzərə tapıldı


Alimlər Antarktidanın buzlaqlarla örtülü dərinliklərində heyrətamiz bir kəşfə imza atıblar – 30 milyon il ərzində toxunulmaz qalmış qədim mənzərə ortaya çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, Şərqi Antarktidanın altındakı bu düz səthlər 80–34 milyon il əvvəl qədim çayların səbəb olduğu eroziya nəticəsində formalaşıb. Bu nadir geoloji strukturlar 30 milyon ildən çox müddət ərzində buzlaqlar tərəfindən qorunub saxlanılıb.
Durham Universitetinin qütb geofiziki və tədqiqatın həmmüəllifi Qay Paksmanın sözlərinə görə, radar şəkillərinə baxdıqda bu düz səthlər demək olar ki, hər yerdə görünür. Bu isə buz təbəqəsinin bəzi hissələrinin mənzərəni məhv etməyib, əksinə, onu qoruduğunu göstərir.
Kəşf edilən düzənliklər və aralarındakı dərin çökəkliklər Şərqi Antarktidanın sahilboyu 3500 kilometrlik hissəsini əhatə edir. Bu strukturun yaranması superqitə Qondvananın parçalanmasından sonra, lakin Şərqi Antarktida buz örtüyü tam formalaşmazdan əvvəl baş verib.
Araşdırmaçılar bu unikal mənzərənin öyrənilməsinin buz örtüyünün gələcəkdə nə qədər əriməsi ehtimalını daha dəqiq proqnozlaşdırmağa kömək edəcəyini bildirirlər. Çünki əgər bu buz örtüyü tamamilə ərisə, qlobal dəniz səviyyəsi 50 metrdən çox arta bilər.
Bölgədə buzun hərəkəti də fərqlidir: düz səthlər üzərində yavaş, dərin çökəkliklərdə isə daha sürətli axın müşahidə olunur. Alimlər hesab edirlər ki, qədimdə ərimiş su bu boşluqlardan axaraq bu strukturların formalaşmasına səbəb olmuş ola bilər.
Qeyd edək ki, araşdırmanın nəticələri nüfuzlu “Nature Geoscience” jurnalında dərc olunub.

DİGƏR XƏBƏRLƏR

Top