Tramp “Coca-Cola” ilə razılaşdığını açıqladı – Tərkibi dəyişir


Prezident Donald Tramp “Coca-Cola” şirkəti ilə apardığı danışıqlar nəticəsində ABŞ bazarı üçün istehsal olunan içkilərdə təbii qamış şəkərindən istifadə ediləcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tramp özünün “Truth Social" platformasında paylaşım edib.
“Mən ABŞ-də “Coca-Cola”da əsl qamış şəkərindən istifadə etmək barədə danışıqlar aparmışam və onlar razılaşıblar. “Coca-Cola”da qərar verən hər kəsə təşəkkür etmək istəyirəm”, – Tramp qeyd edib.
“Reuters”in məlumatına görə, bu təşəbbüs Tramp administrasiyasının “Amerikanı yenidən sağlamlaşdır” proqramı ilə əlaqələndirilir. Bu proqram sağlamlıq hərəkatının bir hissəsi olaraq cərrah general Robert F. Kennedy tərəfindən dəstəklənir və əsas məqsədi qida formulalarında dəyişikliklər etməklə süni rəng və əlavələri aradan qaldırmaqdır.
Agentlik əlavə edir ki, “Coca-Cola” şirkəti hal-hazırda ABŞ bazarı üçün məhsullarında əsasən yüksək fruktozalı qarğıdalı siropundan istifadə edir. Lakin şirkət bəzi digər ölkələrdə təbii qamış şəkərindən istifadə edir. Artıq bu praktika ABŞ bazarına da keçəcək.
Ağ Ev və “Coca-Cola” şirkətindən Trampın bəyanatına dair hələlik rəsmi açıqlama verilməyib.
Onu da xatırladaq ki, Tramp prezident olduğu əvvəlki dövrdə “Oval Ofis”dəki masasına yerləşdirdiyi və bir düyməyə basmaqla “Diyet kola” sifariş edə bildiyi xüsusi düyməni ikinci dəfə Ağ Evə qayıtdıqdan sonra yenidən quraşdırıb. Mart ayında jurnalistlərə danışan Tramp, həmin düymə barədə zarafatla qeyd edib ki, onu görən qonaqlar əvvəlcə bunun nüvə silahı düyməsi olduğunu zənn edirdilər.
Qeyd edək ki, Trampın prezidentliyindən sonra onun varisi Co Bayden həmin düyməni “Oval Ofis”dən çıxartmışdı. Lakin Tramp Ağ Evə dönərkən bu simvolik düyməni geri qaytarıb.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top