
Havaların isinməsi ilə əlaqədar yanğınların başvermə və sürətlə yayılma təhlükəsini, habelə işğaldan azad olunmuş ərazilərimizdə meşə fondu, flora və faunanın zənginliyini nəzərə alsaq, yanğın təhlükəsizliyi ilə bağlı kiçik ehtiyatsızlıq və ya məsuliyyətsizlik böyük fəsadlara səbəb ola bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciətində deyilir.
Bildirilib ki, həmin ərazilərdə çoxsaylı minaların basdırılması isə yanğınların söndürülməsi işini çətinləşdirir.
“Təəssüflə qeyd olunmalıdır ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, xüsusilə son günlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində müxtəlif istiqamətlərdə açıq sahə və meşə massivlərində yanğınlar qeydə alınıb, yalnız yanğınsöndürənlərin fədakarlığı sayəsində həmin yanğınların böyüyərək daha ağır fəsadlara səbəb olmasına imkan verilməyib.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi işğaldan azad olunmuş ərazilərdə yaşayan və fəaliyyət göstərən, eləcə də müxtəlif məqsədlərlə həmin ərazilərə səfər edən vətəndaşlara müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi yay aylarında yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və bununla da Qarabağ və Şərqi Zəngəzurumuzun füsunkar təbiətinin, fauna və florasının qayğısına qalmağa çağırır.
Belə ki, müəssisə və təşkilatlarda yanğına qarşı rejimə ciddi əməl olunmalı və yanğına səbəb ola biləcək hallara yol verilməməli, fərdi yaşayış evləri, təsərrüfat və istehsalat müəssisələrinin həyətləri quru ot və tullantılardan vaxtaşırı təmizlənməli, siqaret və ya kibrit yalnız tam söndürüldükdən sonra zibil qablarına atılmalı, habelə yanar mayelərlə islanmış materiallar, eləcə də şüşə qab və şüşə qırıntıları ətrafa atılmamalı, təbiət qoynunda tonqal (ocaq) xüsusi yerlərdə qalanmalı və ya bu məqsədlə ağac altı olmayan, ətrafında quru ot və kol-kos, ağac qırıntılarının olmadığı yer seçilməli və ətrafdakı otlar 0,5-1 metr radiusda təmizlənməli, ərazini tərk edərkən tonqal (ocaq) tam söndürülməli, üzərinə su tökülməli və üstü torpaqla örtülməlidir. Taxıl və ot tədarükü ilə bağlı istifadə edilən kənd təssərrüfatı texnikalarının mexanizmləri saz vəziyyətdə saxlanmalı, nasaz texnikaların əkin sahələrində istismarı qadağan edilməlidir. Yadda saxlamaq lazımdır ki, küləkli hava şəraitində, habelə meşə sahələrində tonqalların qalanması qadağandır!” – məlumatda qeyd olunur.