
Bu il iyul ayının 1-ə olan məlumata görə, Azərbaycanda 281,8 min nəfər işsiz şəxs olub.
Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən 6 ay ərzində ölkədə işsizlərin sayı təxminən 500 nəfər artıb.
Məlumat üçün bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə, iqtisadi fəal əhalinin sayı 5 milyon 344,1 min nəfər olub, onların 5 milyon 62,3 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.
Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 20 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb. Qeyd olunan tarixdə ölkədə 375,9 min işsiz olub. Ən aşağı işsizlik səviyyəsi isə 2014-cü ilin əvvəlində qeydə alınıb. 1 yanvar 2014-cü il tarixində ölkədə 236,6 min işsiz olub.
Onu da qeyd edək ki, 2025-ci il iyul ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 229,1 min nəfər olub və onların 49,1%-ini qadınlar təşkil edib.
Açıqlanan rəsmi məlumatlarda həmçinin qeyd olunub ki, ötən ilin yanvar-may ayları ilə müqayisədə bu ilin yanvar may aylarında məşğulluq xidməti orqanlarında rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı 10% artıb. Məlumatda həmçinin qeyd olunur ki, bu MDB ölkələri arasında Moldovadan sonra qeydə alınan ən yüksək göstərici olub.
Əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-may aylarında MDB ölkələrinin məşğulluq xidməti orqanlarında rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayındakı artım aşağıdakı kimi olub:
Moldova – 10,6%;
Azərbaycan – 10%;
Qazaxıstan – 5,2%;
Tacikistan – 3,8%.
Bunlardan başqa, son bir ildə aşağıdakı ölkələrdə rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı azalıb:
Rusiya – 24,6%;
Qırğızıstan – 21,3%;
Ermənistan – 14,8%;
Belarus – 8,9.
Elnur Əli