
Bu ilin may ayında xarici ölkələrdən Azərbaycana 244 min 53 nəfər əcnəbi səfər edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, onların 175 min 439 nəfəri və ya 71,9%-i ölkəyə turizm məqsədilə gəlib.
Qeyd edək ki, may ayında Azərbaycana ən çox turist Rusiyadan gəlib. Şimal qonşumuzdan bu müddətdə 48 min 515 nəfər turist ölkəyə səfər edib.
Ən çox turist gələn ölkələrin siyahısında Hindistan ikinci yerdə qərarlaşıb. May ayında Azərbaycana 22 min 50 nəfər Hindistan vətəndaşı turist kimi səfər edib. Aprel ayı ilə müqayisədə Hindistandan gələn turistlərin sayı 35,8% və ya 5 816 nəfər artıb.
Xatırladaq ki, may ayının əvvəlində Azərbaycan Xarici İşlər Nazirliyi Hindistan ilə Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanat yayıb.
Nazirliyin bəyanatında qeyd olunub ki, Pakistan xalqı ilə həmrəylik nümayiş etdirilir, günahsız qurbanların ailələrinə başsağlığı verilir və yaralıların tezliklə sağalması arzu olunur.
Azərbaycan XİN-in bu bəyanatı Hindistanda narazılıqla qarşılanıb, sosial şəbəkələrdə hindistanlı istifadəçilər Azərbaycan və Türkiyəyə qarşı sərt çıxışlar edib, boykot çağırışları səsləndiriblər. Onlar Hindistan vətəndaşlarını Azərbaycaya turist kimi səfər etməməyə çağırıblar.
Lakin açıqlanan rəsmi məlumatlar göstərir ki, bu etirazlara baxmayaraq, may ayında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı kəskin şəkildə artıb.
Elnur Əli