
İsrailin Qəzza zolağında davam edən blokadası səbəbindən aclıqdan ölən fələstinli uşaqların sayı 68-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyinə (UNRWA) istinadən məlumat yayıb.
Bildirilib ki, sonuncu dəfə yeddi aylıq qız müalicə olunarkən dünyasını dəyişib.
“Ötən həftənin sonunda Qəzza rəsmiləri bildiriblər ki, İsrail Fələstin anklavına qarşı müharibəyə başladıqdan sonra ən azı 67 uşaq qida çatışmazlığından ölüb. Müharibə və İsrailin mühasirəsi Qəzzada 2,1 milyon insanı aclıq həddinə çatdırıb”, - telekanalın məlumatında deyilir.
BMT-nin Uşaq Fondu (UNICEF) isə bəyan edib ki, iyun ayında Qəzzada 5,8 mindən çox uşağa qida çatışmazlığı diaqnozu qoyulub, mindən çoxunun vəziyyəti ağırdır.
“Bu, təkcə qidalanma böhranı deyil. Bu, uşaqların sağ qalması ilə bağlı fövqəladə vəziyyətdir”, - UNICEF bildirib.