Blokada başlayandan bəri Qəzzada aclıqdan ən azı 67 uşaq ölüb


Anklavın media departamentinin bildirdiyinə görə, 2025-ci ilin martından, tam blokadanın qurulmasından bəri Qəzza zolağında aclıqdan ən azı 67 uşaq ölüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə anklavın KİV-lə iş üzrə idarəsi “Telegram” kanalında məlumat yayıb.
“Qəzzada qida çatışmazlığı nəticəsində ölən uşaqların sayı 67-yə çatıb. 5 yaşınadək 650 mindən çox uşaq isə yaxın həftələrdə aclıq təhlükəsi ilə üzləşəcək”, - idarə bildirib.
Anklavın Səhiyyə Nazirliyi isə öz növbəsində, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatlar zamanı Qəzzada 57 882 fələstinlinin öldüyünü, 138 095 fələstinlinin isə yaralandığını bildirib.
Son 24 saat ərzində İsrailin atəşi və hava hücumları nəticəsində 59 nəfər ölüb, 208 nəfər yaralanıb.
Qeyd edək ki, 2025-ci il martın 2-dən Qəzza zolağına heç bir humanitar yardım çatdırılmayıb və İsrailin qərarı ilə bütün keçid məntəqələri bağlı qalıb. Martın 18-də İsrail ordusu Qəzzada hərbi əməliyyatları bərpa edərək, ona qarşı kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. Baş nazir Benyamin Netanyahunun ofisi bunu Fələstinin HƏMAS hərəkatının vasitəçilər və ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun danışıqlar zamanı irəli sürdüyü təkliflərdən imtina etməsi ilə izah edib və bildirib ki, Qəzzada əməliyyatın məqsədi bütün girovları azad etməkdir.

DİGƏR XƏBƏRLƏR

Top