
İndoneziyanın Flores adasında yerləşən Levotobi Laki-laki vulkanı yenidən püskürməyə başlayıb.
Yeniavaz.com BBC-yə istinadla xəbər veriri ki, vulkanın külləri 18 kilometrədək qalxıb.
“Nəticədə, yerli sakinlər evlərini bir daha tərk etmək məcburiyyətində qalıblar. Bazar ertəsi səhər saatlarından etibarən kül və lava püskürməsinə baxmayaraq, indiyədək heç bir tələfat barədə məlumat verilməyib. Rəsmilər üç həftə əvvəl baş vermiş əvvəlki püskürmələrdən sonra vulkanı yenidən ən yüksək təhlükə səviyyəsinə (qırmızı siqnal) keçiriblər”, - nəşr yazır.
Qeyd olunur ki, bazar ertəsi günü qonşuluqda yerləşən məşhur kurort adası Baliyə ən azı 24 aviareys ləğv edilib. Lakin növbəti gün bəzi uçuşlar bərpa olunub.
İndoneziya Geologiya Agentliyinin rəhbəri Məhəmməd Vafidin sözlərinə görə havaya qalxan isti kül buludu, noyabr ayından bəri vulkanın qeydə alınan ən yüksək püskürməsidir.