
Bu gün iyulun 7-də Strasburqda Avropa Parlamentinin plenar sessiyası keçiriləcək və burada koronavirus pandemiyası zamanı vaksinlərin satın alınmasında ciddi pozuntulara görə, Avropa Komissiyasının (AK) prezidenti Ursula fon der Lyayenə etimadsızlıq səsverməsi müzakirə olunacaq.
Yeniavaz.com xəbər verir ki, plenar sessiyada fon der Lyayen də iştirak edəcək.
AK rəhbərinə qarşı ittihamların müzakirəsinin yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) baş tutacağı gözlənilir.
Lakin təklif üzrə səsvermə cümə axşamı yerli vaxtla saat 12:00-a (Bakı vaxtı ilə 14:00) qədər baş tutacaq.
Qeyd edək ki, mayın 14-də Avropa Ədalət Məhkəməsi fon der Lyayenin 2021-2023-cü illərdə koronavirus peyvəndlərinin alınması ilə bağlı müqavilələr haqqında məlumatların gizlədilməsinə görə məsuliyyət daşıdığını müəyyən edib.
Məhkəmə, həmçinin AK rəhbərinə COVID-19 peyvəndlərinin alınması ilə bağlı ən böyük sövdələşmə ilə bağlı “Pfizer” əczaçılıq şirkətinin direktoru Albert Burla ilə SMS yazışmalarını açıqlamağı tapşırıb. Mesajlara giriş “The New York Times” nəşri tərəfindən tələb olunub, lakin AK SMS mesajlarının arxivləşdirilmədiyini və artıq mövcud olmadığını bəyan edib.
Məhkəmə izahatı qeyri-kafi hesab edərək qərara alıb ki, komissiya tələb olunan sənədlərə malik olmadığını bəyan edə bilməz.
Xatırladaq ki, fon der Lyayen hələ sınaqdan keçirilməmiş COVID-19 peyvəndini almaq üçün müqavilə imzalamaqda ittiham olunur. Onun bu qərarı Aİ ölkələrinin əvvəlcədən razılığı olmadan “Pfizer” rəhbəri ilə mesajlardan sonra verdiyi iddia edilir.
Müqavilə üçün Aİ büdcəsindən 35,8 milyard avro xərclənib.