
İran hakimiyyəti İsrailin 12 günlük İran-İsrail müharibəsinin başa çatmasından sonra elan etdiyi atəşkəs şərtlərinə əməl edəcəyinə şübhə edir.
Yeniavaz.com xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Əl Səud ilə söhbəti zamanı İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdülrəhim Musəvi deyib.
“Biz müharibənin təşəbbüskarı olmamışıq, lakin biz bütün gücümüzlə təcavüzkara cavab verdik və düşmənin atəşkəslə bağlı öhdəliklərini yerinə yetirəcəyinə şübhə etdiyimiz üçün, təkrar təcavüz halında ona yenidən qəti cavab verməyə hazırıq”, - Musəvi deyib.
General-leytenantın sözlərinə görə, İsrailin hücumu İranın təmkin nümayiş etdirdiyi və ABŞ ilə danışıqlar apardığı bir vaxtda həyata keçirməsi faktdır.
Xatırldaq ki, İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası cavab hücumu həyata keçirib. Birləşmiş Ştatlar münaqişənin gərginləşməsindən doqquz gün sonra müharibəyə daxil olub: iyunun 22-nə keçən gecə Amerika qüvvələri İranın üç nüvə obyektinə hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran Amerikanın Yaxın Şərqdəki ən böyük aviabazasına, Qətərdəki Əl-Udeyd aviabazasına raket zərbəsi endirib. Tramp daha sonra İsrail və İranın tam atəşkəsə razılaşdığını açıqlayıb. Atəşkəs iyunun 24-də qüvvəyə minib.