Qəpiklərin kənarında niyə dişli naxışlar olur?


Qəpiklərin kənarındakı dişli naxışlar çoxlarına sadəcə estetik bir dizayn elementi kimi görünə bilər, lakin əslində bu incə detal, saxtakarlığa qarşı görülmüş ən ağıllı tədbirlərdən biridir.
Yeniavaz.com
xəbər verir ki, müasir dövrdə sikkələr əsasən nisbətən ucuz metallar əsasında istehsal olunsa da, bu dişli kənarların kökləri qiymətli metallardan – qızıl və gümüşdən hazırlanan köhnə sikkələrə dayanır.
Tarixi mənbələr göstərir ki, bir zamanlar bəzi fırıldaqçılar qızıl və gümüş sikkələrin kənarlarından kiçik miqdarda metal oğurlayır, sonra sikkələri bazarda eyni nominal dəyərdə yenidən dövriyyəyə buraxırdılar. Bu zaman sikkələrin dəyəri dəyişir, lakin xarici görünüşlə bunu müəyyən etmək mümkün olmurdu. Məhz bu səbəbdən sikkələrin kənarlarına simmetrik və diqqətçəkən naxışlar əlavə edilməyə başlandı. Beləliklə, sikkənin kənarında hər hansı yeyilmə və ya dəyişiklik dərhal nəzərə çarpırdı. Bu üsul tezliklə Avropada standart təhlükəsizlik tədbirinə çevrildi.
Bu gün sikkələr artıq dəyərli metallar hesabına formalaşmasa da, həmin dişli kənarlar qalmaqdadır. Səbəb sadəcə tarixi miras deyil, həm də müasir saxtalaşdırma cəhdlərinə qarşı əlavə maneə yaratmaqdır. Eyni zamanda, bu dişli kənarlar fiziki cəhətdən görmə məhdudiyyətli insanlar üçün də əlverişlidir – onlar toxunuşla sikkələrin nominal dəyərini fərqləndirə bilirlər.
Sikkələrin istehsalında tətbiq edilən müasir texnologiya isə bu təhlükəsizlik detalını daha da mükəmməlləşdirir. Xüsusi dəzgahlar mikron səviyyəsində dəqiqliklə işləyərək hər bir sikkəyə özünəməxsus “imza” verir. Beləliklə, hər bir kələ-kötür kənar həm funksional, həm də simvolik olaraq pulun saflığını qoruyan bir səddə çevrilir.

DİGƏR XƏBƏRLƏR

Top