
“Abşeron rayonu ərazisində yerləşən “Türkmed” klinikasında özünü travmatoloq kimi təqdim edən Əhməd Əhmədzadə adlı həkim çalışır, lakin onun bu sahə üzrə heç bir təhsili yoxdur”.
Yeniavaz.com xəbər verir ki, bu iddia ilə “Baku TV”yə vətəndaş müraciət edib.
İddialarla bağlı danışan Əhməd Əhmədzadə tibb təhsilini Türkiyənin Artvin Çoruh Universitetində, travmatologiya ixtisası üzrə, rezidentura təhsilini isə xaricdəki universitetlərdən birində onlayn formada aldığını söyləyib. O, onlayn təhsil almağına dair diplomunun “MedEra Hospital”da olduğunu bildirib.
“MedEra” hospitalın baş direktoru İbrahim Əliyev isə Əhməd Əhmədzadənin adıçəkilən klinikada həkim kimi çalışmadığını deyib:
“O bu klinikada əməliyyat zamanı travmatoloqun yanında yalnız köməkçi kimi iştirak edir. Türkiyədə tibb qardaşı ixtisası üzrə təhsil alıb və həmin sahədə fəaliyyət göstərir”.
Aparılan araşdırmalara görə, Əhməd Əhmədzadə əvvəllər “Muğan” klinikasında ortoped-travmatoloq kimi fəaliyyət göstərib. Bununla bağlı xəstəxananın rəsmi saytında məlumat da var.
“Muğan”dan isə bildirilib ki, Ə. Əhmədzadə heç vaxt bu klinikada işləməyib.
Məlum olub ki, o, Türkiyənin Artvin Çoruh Universitetində sadəcə həmşirəlik, yəni tibb qardaşlığı ixtisası üzrə təhsil alıb. Travmatologiya üzrə təhsili yoxdur.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri arasında Əhməd Cəmasəddin oğlu Əhmədzadənin adı yoxdur:
“Göstərilən faktla əlaqədar Analitik Ekspertiza Mərkəzində işçi qrupu tərəfindən ciddi araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək”.