
İddialara görə, Türkiyənin ana müxalifət partiyası Cümhuriyyət Xalq Partiyasının (CHP) sabiq sədri Kamal Kılıçdaroğlu dünən partiyanın üç aparıcı siması ilə görüşüb.
Yeniavaz.com yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə tanınmış jurnalist İsmail Saymaz məlumat yayıb.
Onun sözlərinə görə, Kılıçdaroğlu 2023-cü ilin noyabr ayında qurultayda ona dəstək verən Ankara və Mersin böyük şəhər bələdiyyə başçıları Mansur Yavaş və Vahap Seçer, həmçinin CHP Partiya Məclisi üzvü Engin Özkoçla görüşüb və sözügedən qurultayla bağlı gedən məhkəmə prosesi müzakirə olunub. Partiya sədri Özgür Özelin də görüşdən xəbəri olduğu bildirilib.
Görüş 1 saatdan çox davam edib.
Kılıçdaroğlu görüşdüyü CHP səlahiyyətlilərinə “Ümid edirəm ki, mütləq etibarsızlıq qərarı olmayacaq, amma olarsa, partiyamı bir müvəkkilə həvalə edə bilmərəm. Mən qəbul etməsəm, müvəkkil gələcək”, - deyib.
Qeyd edək ki, hazırda 2023-cü ilin noyabr ayında baş tutan qurultayla bağlı istintaq aparılır. Belə ki, həmin qurultayda nizamnaməyə zidd addımların atıldığı iddia olunur.