
Məlum olduğu kimi, ərik yay fəslinin ən sevilən meyvələrindən biridir.
Yeniavaz.com xəbər verir ki, bir çox insan bu meyvənin yalnız özündən deyil, tumundan da istifadə edir.
Xalq arasında “əriyin tumu faydalıdır” deyə bir inam da mövcuddur. Bəs görəsən, bu tumun insan sağlamlığına həqiqətən faydası varmı, yoxsa təhlükələri faydasından daha çoxdur?
Qeyd edək ki, ərik tumu E vitamini, B17 (amigdalin) və maqneziumla zəngindir. Bu maddələr hüceyrələri qorumağa və orqanizmi gücləndirməyə kömək edir. Tərkibindəki antioksidantlar orqanizmdəki sərbəst radikallarla mübarizə aparır, bu da xərçəng və ürək-damar xəstəlikləri riskini azalda bilər. Bəzi tədqiqatlarda əriyin tumunun iltihabları azaltdığı göstərilib. Bu səbəbdən oynaq ağrıları və bəzi dəri problemlərində kömək edə bilər. Ərik tumunun yağı dərini yumşaldır, nəmləndirir və qocalma əlamətlərini azalda bilər. Buna görə çoxlu kosmetik məhsulun tərkibində yer alır.
Eyni zamanda onu da qeyd edək ki, ərik tumunun içində olan B17 maddəsi (amigdalin) orqanizmdə sianidə çevrilə bilər. Bu maddə zəhərlidir və yüksək miqdarda qəbul edildikdə ciddi fəsadlara, hətta ölümə səbəb ola bilər. Uşaqların orqanizmi zəhərli maddələrə qarşı daha həssas olduğuna görə, əriyin tumunu yemək onlar üçün təhlükəlidir. Bəzi insanlarda əriyin tumu və ya onun yağı mədə-bağırsaq narahatlığına səbəb ola bilər. Qusma, ürəkbulanma və ishal kimi hallar mümkündür. Dəridə qaşınma, qızartı, səpkilər və tənəffüs çətinliyi kimi əlamətlər allergiyanın göstəricisi ola bilər.
Göründüyü kimi, ərik tumunun tərkibində faydalı maddələr olsa da, onun istifadəsində diqqətli olmaq vacibdir. Xüsusilə çiy halda və nəzarətsiz qəbul edilməsi sağlamlıq üçün təhlükə doğura bilər. Həkim məsləhəti olmadan ərik tumunu müalicə məqsədilə istifadə etmək düzgün deyil.
Murad Məmmədov