
İsrail Hərbi Hava Qüvvələri Tehranda bir neçə dövlət obyektinə hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Kats “X” sosial şəbəkə hesabında məlumat yayıb.
Nazirin sözlərinə görə, onların arasında İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bir hissəsi olan “Bəsic” hərbiləşdirilmiş milislərinin qərargahı, “Evin” həbsxana binası, Tehranın meydanlarından birində simvolik olaraq “İsrailin məhv edilməsinə” qədər qalan vaxtı hesablayan saat, SEPAH-ın Daxili Təhlükəsizlik Qüvvələrinin qərargahı və digər qərargahlar var.
Nazir qeyd edib ki, İsrail öz tərəfindən raket hücumlarına cavab olaraq İrana zərbələri tam gücü ilə davam etdirmək niyyətindədir.
Qeyd edək ki, İsrail iyunun 13-nə keçən gecə Tehranın nüvə və raket proqramlarını məhv etmək məqsədini bəyan edərək, İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gün keçməmiş İran cavab hücumu həyata keçirib. Sonrakı günlərdə ölkələr yenidən hücumlar həyata keçirdilər. Hər iki tərəf bu hücumlar nəticəsində itkilər barədə məlumat verib və bir sıra hədəfləri vurduqlarını etiraf edib.