Günaşırı ac qalmaq arıqlamaq üçün ənənəvi pəhrizlərdən daha effektivdir – “The BMJ”


Fasilələrlə ac qalmaq ənənəvi pəhrizlərdən daha effektiv şəkildə arıqlamağa kömək edir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The BMJ” tibb jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Bildirilib ki, xüsusilə arıqlamaq üçün üstünlük verilən üsul, tam aclıq günləri ilə sərbəst qidalanma günlərinin növbələşdiyi rejim – yəni, “alternate-day fasting” (gün aşırı aclıq) adlanan yanaşmadır.
Alimlər bu nəticəyə təxminən yüz klinik araşdırmanın təhlili əsasında gəliblər.
Araşdırmalarda iştirak edənlərin sayı altı min nəfəri keçib və onların əksəriyyəti artıq çəkiyə malik olub və ya xroniki xəstəliklərdən əziyyət çəkiblər. Tədqiq olunan bütün metodlar – istər klassik kalori azaldılması, istərsə də aralıqlı aclığın müxtəlif formaları – müəyyən qədər çəki itkisi ilə nəticələnib. Lakin “alternate-day fasting” üsulu digər strategiyalarla, o cümlədən ənənəvi pəhrizlər və aralıqlı aclığın digər növləri ilə müqayisədə daha üstün nəticələr göstərib.
Bununla belə, alimlər xəbərdarlıq edirlər ki, bu cür qidalanma rejimi ilə iştirakçılar orta hesabla yalnız 1–1,5 kiloqram arıqlayıblar ki, bu da kliniki cəhətdən əhəmiyyətli nəticə hesab olunmur. Bundan əlavə, heç bir pəhriz nə qan şəkəri səviyyəsini, nə də “yaxşı” xolesterini yaxşılaşdırmayıb.
Tədqiqatçılar vurğulayırlar ki, əldə edilən məlumatlar dərhal hər ikinci gün ac qalmağı tövsiyə etmir. Sadəcə nəticələr göstərir ki, bu cür rejim arıqlama üçün effektiv vasitələrdən biri ola bilər. Lakin bu strategiyanın seçimində və ona əməl olunmasında həkim nəzarəti mütləqdir.

DİGƏR XƏBƏRLƏR

Top