
Yeni aparılan genişmiqyaslı tədqiqat göstərib ki, müntəzəm olaraq ağ çörək yemək kolorektal (bağırsaq) xərçənginin inkişaf riskini artırır.
Yeniavaz.com xəbər verir ki, İngiltərədə həyata keçirilən araşdırmada 118 min nəfərdən çox insan 13 il müddətində izlənilib və nəticələr həyəcanverici olub.
Araşdırmaya görə, ağ çörəyi tez-tez istehlak edən şəxslərdə bağırsaq xərçənginə tutulma ehtimalı digərlərlə müqayisədə 10% daha yüksəkdir.
Mütəxəssislər bildirirlər ki, ağ çörək təmizlənmiş undan hazırlanır və tərkibində demək olar ki, heç bir lif, vitamin və mineral yoxdur. Bu məhsullar qanda şəkərin səviyyəsini sürətlə artırır, həzm sisteminə əlavə yük yaradır və toxluq hissi vermədiyi üçün daha çox qida qəbuluna səbəb olur.
Tədqiqatçılar ağ çörəklə yanaşı, spirtli içkilərin də kolorektal xərçəng riskini artırdığını müəyyən ediblər. Əksinə, liflə zəngin tərəvəzlər, paxlalılar, tam taxıl məhsulları, eləcə də kalsium və maqnezium kimi maddələr orqanizmi qorumağa kömək edir.
Maraqlıdır ki, genetik olaraq xərçəngə meyilli şəxslərdə belə, düzgün və balanslı qidalanma riski əhəmiyyətli dərəcədə azalda bilir.
Həkimlər tövsiyə edirlər ki, ağ çörək ən azı qismən tam taxıl çörəyi ilə əvəz edilsin. Pəhrizə daha çox tərəvəz və liflə zəngin qidalar daxil edilsin.