ABŞ-nin İrana hücumu neftin qiymətini 100 dollara çatdıra bilər – “Bloomberg”


ABŞ-nin İranın Fordo, Natanz və İsfahan şəhərlərindəki nüvə obyektlərinə endirdiyi hava zərbələri qlobal neft bazarında ciddi narahatlığa səbəb olub.
Yeniavaz.com
xəbər verir ki, “Bloomberg” agentliyinin analitiklərə istinadən yaydığı məlumata görə, regionda gərginliyin artması fonunda neftin qiyməti 80, 90 və hətta 100 dollar səviyyəsinə yüksələ bilər.
Agentlik qeyd edir ki, İsrailin İrana hücumlarından sonra Brent markalı neftin qiymətində 11%-lik artım qeydə alınıb. Londonun ICE birjasının məlumatına görə, avqust ayı üzrə Brent fyuçerslərinin qiyməti 77,30 dollara çatıb və yeni həftədə daha da bahalaşma ehtimalı var.
MST Marquee analitiki Saul Kavonic xəbərdarlıq edir ki, İran yaxın saatlarda konkret cavab addımları atarsa, neftin qiyməti 100 dollara qədər yüksələ bilər. Əgər Tehran Hörmüz boğazı kimi strateji bölgələrdə neft daşımalarına mane olmağa çalışarsa, bu, qlobal bazara güclü təsir göstərə bilər. Boğazdan yalnız İran deyil, Səudiyyə Ərəbistanı, İraq və Küveyt kimi OPEK ölkələrinin də nefti dünya bazarına çıxarılır.
“Bloomberg” qeyd edir ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin boğazın açıq saxlanmasına cavabdeh olması ehtimalı yüksəkdir. Lakin analitiklər hesab edir ki, bu cəhdlərə baxmayaraq, qiymət 80-90 dollar arasında qalxa bilər.
Bəzi treyderlər vəziyyətin gərgin olmasına baxmayaraq, qiymətlərin kəskin sıçrayacağına inanmır. Onlar 2019-cu ildə “Saudi Aramco” obyektlərinə hücumdan sonra tədarükün qısa müddətdə bərpa olunmasını misal gətirirlər. Həmin hadisədə neftin 7%-i bazardan çıxmışdı, lakin bir neçə həftə sonra qiymətlər əvvəlki səviyyədən də aşağı düşmüşdü.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp son hücumda “tam dolu bomba” ilə Fordo obyektini vurduqlarını, ümumilikdə üç əsas nüvə obyektinin tamamilə məhv edildiyini bildirib. Hücumda B-2 bombardmançıları və sualtı qayıqlardan atılan 30 qanadlı “Tomahawk” raketi istifadə olunub. Cavab olaraq İran İsrailə bir neçə onlarla raket atıb, nəticədə azı 16 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top