
“Ölən əsgərlərin cəsədlərinin dəyişdirilməsi zamanı Rusiya tərəfi Rusiya və digər ölkələrin vətəndaşlarını Ukrayna əsgərləri olduqlarını iddia edərək Kiyevə təhvil verib”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinqdə deyib.
“Məsələn, onların tərəfində vuruşan bir israilli muzdlu var. İsrail vətəndaşı. İsrail sənədləri ilə. Baxmayaraq ki, onlar bizə dedilər ki, bunlar yalnız ukraynalılar və yalnız hərbçilərdir. Amma bu yalandır, artıq sübut olunub”, - Zelenski bildirib.
Onun sözlərinə görə, bunlar yeganə hallar deyil:
“Bəzən cəsədlərdə Rusiya pasportları da olur. Bu o deməkdir ki, onlar göndərdiklərini belə yoxlaya bilmirlər, çünki bu, çoxlu sayda insandır. Ekspertiza lazımdır. Düzünü desəm, bunun nə qədər vaxt aparacağını bilmirəm”.
“RBK-Ukrayna” yazır ki, görüşdə iştirak edən jurnalistlərə sübut kimi Rusiya vətəndaşlarının pasportları və cəsədlərlə birlikdə tapılan digər sənədlər göstərilib.
Zelenskinin sözlərinə görə, Moskva bununla ukraynalı hərbçilərin itkilərinin sayını süni şəkildə artırmağa çalışır.