Ailədə özünü tanımaq...


Uğurlu evlilik üçün əsas şərtlərdən biri də özünüdərkdir. Bu, ilk növbədə hər bir tərəfin özünü tanıması deməkdir. Məsələn, “Mənfi və ya müsbət cəhətlərim hansılardır?”, “Oxşar və ya fərqli cəhətlərim hansılardır?”, “Güclü və ya zəif cəhətlərim hansılardır?” kimi…
Hər şeydən əvvəl bu, tərəflərə hər hansı bir problemdə düzgün qərar qəbul etmək üçün lazımdır. Digər tərəfdən, bu, tərəflərin dəyişmək və dəyişdirmək cəhdi üçün bir addımdır.
Əlbəttə ki, mövcud proses özlüyündə o qədər də asan bir proses deyil. Bunun üçün əsas şərt dəyişməyə meyilli olmaqdır. Məsələn, bir bina düşünün… Bu binanın 30-40 faizini daşıyıcı hissələri (məsələn, daşıyıcı sütunlar, daşıyıcı divarlar və s. kimi) təşkil edir. Qalan 60-70 faizinə isə binanın daşıyıcı olmayan digər hissələri daxildir. Bu isə o deməkdir ki, siz binanın 60-70 faizlik hissəsini dəyişməklə binanı dəyişə bilərsiniz. Üstəlik, binanın 30-40 faizlik hissəsini dəyişməyə də ehtiyac yoxdur.
Əslində, insan da bina kimidir və bu binanı skeletini dəyişmədən istədiyimiz kimi dəyişmək mümkündür. Bunun üçün isə əsas şərt, necə deyərlər, həm istəməyi bilmək, həm də bilməyi istəməkdir. Bu isə eyni zamanda təkcə özümüzü yox, qarşı tərəfi də tanımaq üçün bir fürsət deməkdir.
Beləliklə, biz ailədə səhv etmək ehtimalımızı azalda, həmçinin, ailədə ümumi ahəngə nail ola bilərik. Ahəngin nə qədər vacib bir şey olduğunu isə eyni orkestrdə olanlar daha yaxşı bilirlər.
Bu ahəngin bir səbəbi də odur ki, orkestrdə heç bir alət o biri alətdən üstün deyil. Əksinə, bu alətlərin əsas vəzifələri bir-birilərini tamamlamaqdır. Baxmayaraq ki, hər bir alət o biri alətlə müqayisədə özünəməxsusdur. Ona görə də, ailədə hər hansı problemlə qarşılaşdıqda qarşı tərəfi ittiham etməzdən əvvəl onu tanımaq lazımdır. Artıq bundan sonra dəyişmək mümkün olan şeyləri dəyişmək, bərpa etmək mümkün olan şeyləri isə bərpa etmək olar…

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top