
Məlum olduğu kimi, İsrail və İran arasında uzun illərdən bəri davam edən nüvə silahı ilə bağlı gərgin ritorika son bir neçə gündür silahlı toqquşmaya çevrilib.
Yeniavaz.com xəbər verir ki, İsrail İranın nüvə proqramını öz təhlükəsizliyi üçün birbaşa təhdid sayır və Tehranı gizli şəkildə nüvə bombası hazırlamağa çalışmaqda ittiham edir. İran isə nüvə fəaliyyətinin yalnız enerji və tədqiqat məqsədli olduğunu bildirir.
Bəs iki ölkənin qarşı-qarşıya gəlməsinə səbəb olan, nüvə silahlarının əsas maddəsi sayılan uran nədir, nə işə yarayır və əslində nə qədər təhlükəlidir?
Qeyd edək ki, uran dünyada tapılan təbii elementlərdən biridir və enerji istehsalında mühüm rol oynayır. Amma onun təhlükəliliyi haqqında danışanda insanlar çox vaxt qorxur, çünki bu adla tez-tez nüvə silahları və partlayışlar əlaqələndirilir. Əslində isə hər uran təhlükəli deyil. Təbii, yəni zənginləşdirilməmiş uran ətrafımızda olan bir maddədir və torpaqda, suda, hətta bəzi qidalarda da az miqdarda olur. Bu formada olan uran zəif radiasiya yayır və normal şəraitdə insan sağlamlığına ciddi zərər vermir. Əlbəttə, onu uzun müddət və böyük miqdarda udmaq təhlükəli ola bilər, amma gündəlik həyatda belə hallar baş vermir.
Uranın ola biləcəyi qidalar:
Dənli bitkilər – buğda, arpa, qarğıdalı kimi bitkilər torpaqdan çox zəif miqdarda uran çəkə bilər.
Kök və yumru bitkilər – kartof, kök, çuğundur kimi torpağın altında böyüyən tərəvəzlərdə az miqdarda uran ola bilər.
İçməli su – bəzi bölgələrdə yeraltı sular torpaqdakı təbii uranı həll edə bilir və bu sular içildikdə çox az miqdarda uran qəbul edilə bilər.
Balıq və su məhsulları – uranla zəngin su hövzələrində yaşayan canlılar bədənlərində az miqdarda uran toplaya bilər.
Süd və ət – əgər heyvanlar uran olan su və ya otla qidalanırsa, onların südü və ətində də çox cüzi miqdarda uran ola bilər.
Bu qidalardakı uran miqdarı o qədər azdır ki, normal qidalanma ilə insan bədəninə düşən uran sağlamlıq üçün təhlükəli sayılmır. Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların araşdırmalarına görə, adi insan gündəlik həyatda təhlükəsiz səviyyədə uran qəbul edir və bu miqdar böyrəklər vasitəsilə orqanizmdən çıxır.
Təbii uranın içində təxminən 99%- U-238, cəmi 0,7% U-235 izotopu olur.
Bildiyimiz kimi, hər atomun nüvəsində protonlar və neytronlar olur. Protonların sayı dəyişmir, çünki o zaman elementin özü dəyişərdi. Amma neytronların sayı bir az az, ya da çox ola bilər. Bu zaman o elementin izotopları yaranır. Məsələn, U-238 uran atomudur və nüvəsində 92 proton, 146 neytron var. Eyni zamanda U-235 də uran atomudur və nüvəsində 92 proton var, amma neytronlar 143-dür.
Aralarındakı bu kiçik fərq – yəni cəmi 3 neytron, onların davranışını tamamilə dəyişir. U-238 sabitdir və enerjiyə çevrilməsi çətindir. U-235 isə çox asanlıqla parçalanır və böyük enerji buraxır. Buna görə də enerji istehsalında və nüvə silahlarında məhz U-235 lazım olur. Uranın zənginləşdirilməsi də U-235-i “süzgəcdən” keçirib artırmaq prosesidir.
Zənginləşdirmə prosesi zamanı U-235-in miqdarı artırılır. Qeyd etdiyimiz kimi, təbii halda olan uranda U-235 izotopunun miqdarı 0,7% səviyyəsində olur. Zənginləşdirmə zamanı U-235-in miqdarı 3-5%-ə çatdığı zaman bu urandan nüvə elektrik stansiyalarında yancaq kimi istifadə etmək mümkün olur. Nüvə silahında istifadə etmək üçün u-235-in miqdarı 90%-dən yuxarı olmalıdır.
Murad Məmmədov