
Xəbər verdiyimiz kimi, ötən gün “Taşir” şirkətlər qrupunun rəhbəri, erməni əsilli rusiyalı biznesmen Samvel Karapetyanın İrəvandakı evində axtarış aparılıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Karapetyan artıq Ermənistanda saxlanılıb.
Bu barədə onun vəkillərindən biri Armen Feroyan bildirib.
Onun sözlərinə görə, Karapetyan barəsində cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Vəkil Karapetyanın hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunduğunu qeyd edib.
Feroyanın sözlərinə görə, Karapetyan ona qarşı irəli sürülən ittihamları qəbul etmir və bu ittihamları qanunsuz adlandırır.
Biznesmenin digər vəkili Liana Qasparyan isə qeyd edib ki, o, Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur. Bu maddə ilə nəzərdə tutulmuş həbs-qətimkan tədbiri təkcə həbsi deyil, həm də ictimai işləri və cərimələri nəzərdə tuta bilər.
Qasparyan həmçinin qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.
Digər tərəfdən, Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, iş adamı Samvel Karapetyan dünən kilsəni müdafiə edən bəyanatı ilə Ermənistanı hədələyib. Parlamentdə jurnalistlərlə söhbətində hökumət başçısı bildirib ki, heç kimə ölkə və dövlət haqqında belə tonda danışmağa imkan verməyəcək.
Qeyd edək ki, Azərbaycan 2021-ci ildə Dağlıq Qarabağa qaçaq yolla silah-sursat daşıyan şirkət rəhbərlərini beynəlxalq axtarışa verib. Həmin şirkət rəhbərləri arasında Samvel Karapetyan da olub.
Xatırladaq ki, Samvel Karapetyan həm də “Elseti Armenia”nın sahibidir. O rəsmi olaraq milyarderdir.