
“Mən birinci qrup gözdən əliləm. Biz SİMA-da qeydiyyatdan keçə bilmirik. Bu mənim vəziyyətimdə olanların ümumi problemidir”.
Bunu Yeniavaz.com-a müraciət edən paytaxtın Yasamal rayon sakini Novruzov Mürsəl Novruz oğlu deyib.
O bildirib ki, hazırkı vəziyyət onlar üçün bir sıra çətinliklər yaradır:
“Elə düzəldiblər ki, bizim fotomuzu qəbul etmir. Çünki bizdə qeyri-ixtiyari olaraq göz əsir. Hətta ikinci qrup gözdən əlillər belə eyni problemi yaşayırlar.
Beş-altı ay əvvəl qeydiyyatdan keçmək istədim. Gördüm, alınmır, fikir vermədim. Amma artıq banklar da SİMA tələb edirlər. Biz heç bir ödəniş və digər bank əməliyyatlarından istifadə edə bilmirik. Üç gündür əməliyyatdan çıxmışam, əlimdə əsa ilə getmişəm banka ki, bəlkə mənə kömək edələr. Oradakı qız təxminən bir saat çalışdı, amma şəkli çəkə bilmədi.
Zəng vurdum SİMA-nın qaynar xəttinə, dedilər ki, “biz nə edək, proqram belədir”.
“AzInTelecom”un İctimaiyyətlə Əlaqələr Bölməsindən sorğumuza cavab olaraq bildirildi ki, “SİMA İmza” tətbiqində biometrik qeydiyyat zamanı canlılıq testi aparılır və bu mərhələdə istifadəçidən gözün aydın şəkildə kameraya göstərilməsi tələb edilir:
“Təəssüf ki, bəzi hallarda gözdən əlil vətəndaşlarımızın bu mərhələni tamamlamaqda çətinlik yaşadığı müşahidə olunur.
Bu tələb, təhlükəsizlik - yəni, vətəndaşların adından onlardan xəbərsiz onlayn əməliyyatların aparılmaması, su-istifadə hallarına yol verilməməsi məqsədilə tətbiq edilir.
Nəzərinizə çatdırırıq ki, hazırda “SİMA İmza” vasitəsilə hər bir vətəndaşın rəqəmsal xidmətlərdən bərabər şəkildə faydalanmasını təmin etmək üçün bu istiqamətdə təkmilləşdirmə işləri aparılır.
Bununla belə, görmə məhdudiyyətli vətəndaşlarımızın rəqəmsal xidmətlərdən istifadə ehtiyacını nəzərə alaraq, onların elektron imza əldə etməsi üçün alternativ həll təklif edirik. Belə ki, görmə məhdudiyyətli şəxslər (eyni zamanda onların yaxınları müvafiq etibarnamə ilə) AzInTelecom MMC-nin müştəri xidmətləri mərkəzinə yaxınlaşaraq və ya sima.az saytına daxil olaraq onlayn qaydada SİMA Token elektron imzasını sifariş edə bilərlər”.
Murad Məmmədov