
Gürcüstan hakimiyyəti əcnəbi vətəndaşların ölkədə qalma qaydalarını sərtləşdirmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze bildirib.
Onun sözlərinə görə, Cinayət Məcəlləsində yeni cəza növü - əcnəbinin müəyyən müddətə Gürcüstana girişinə qadağa qoyulmaqla ölkədən çıxarılması nəzərdə tutulur.
“Oxşar tədbir İnzibati Xətalar Məcəlləsində də əksini tapacaq”, - Mdinaradze qeyd edib.
O, ölkədə qalma qaydalarının pozulmasına görə cərimələrin əhəmiyyətli dərəcədə artırılacağını da bildirib.
Digər tərəfdən, partiya nümayəndəsi qeyri-leqal miqrantların deportasiya prosedurunun sadələşəcəyini qeyd edib.
Qeyd edək ki, bundan əvvəl Gürcüstanın Daxili İşlər Nazirliyi də miqrasiya rejiminin sərtləşdirilməsi ilə bağlı qanunvericiliyə düzəlişlər paketi hazırladığını bəyan etmişdi.