Azərbaycanlı milyarderin 356 min borcu olan şirkətinə məxsus TIR-lar hərraca çıxarıldı


Rusiyada yaşayan azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus olan Göyçayda fəaliyyət göstərən “AzNar” QSC-yə məxsus 2 ədəd yük avtomobili müsadirə olunaraq hərrac vasitəsi ilə satışa çıxarılıb.
Yeniavaz.com
xəbər verir ki, 2005-ci il istehsalı olan yük avtomobili (TIR) bazar dəyərindən təxminən 2 dəfə ucuz qiymətə – 12 min 600 manata, 2010-ci il istehsalı olan yük avtomobili isə 31 min 800 manata  satışa təqdim edilib.
Bildirilir ki, hərracda iştirak etmək üçün sabah – 12 iyun son tarixdir.
Qeyd edək ki, Teymur Əhmədov adına “AzNar” QSC (VÖEN - 6000083631) 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 149 milyon 987 min 312 manat olan QSC-nin əvvəlki direktoru Teymur Fərəc oğlu Əhmədov olub. Teymur Əhmədov Fərhad Əhmədovun qardaşı oğludur. “AzNar” QSC-yə hazırda Abbasov Bəylər Rəşid oğlu rəhbərlik edir.
Onu da bildirək ki, QSC-nin hazırda (10.06.2025) dövlət büdcəsinə 357 min 958 manat 74 qəpik borcu var.


Xatırladaq ki, “Forbes” nəşrinə görə hazırda 1,6 milyard dollar sərvəti olan Fərhad Əhmadov 15 sentyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Uşaqlığı atasının işlədiyi Göyçay şəhərində keçib. Fərhad Əhmədovun atası – Teymur Fərəc oğlu Əhmədov uzun illər ərzində rəhbər vəzifələrdə işləyib. Son vəzifəsi tikintisinə rəhbərlik etdiyi Göyçay Konserv zavodunun direktorluğu olub. 1969-cu ildə zavodun ilk direktoru olub. Teymur Əhmədov 1971-ci ildə sosialist əmlakının talanması ittihamı ilə həbs olunub və ən yüksək cəza tədbirinə – güllələnməyə məhkum edilib. Hökm 1973-cü ildə icra olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top