
Qəzza zolağında məktəb və universitet binalarının 90%-dən çoxu İsrail ordusunun hücumları nəticəsində zədələnib və ya dağıdılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin Müstəqil Beynəlxalq Təhqiqat Komissiyasının işğal olunmuş Fələstin ərazisi üzrə hesabatında bildirilib.
“Komissiya İsrailin hava hücumları, top atəşləri və partlayışlar vasitəsilə Qəzzada məktəb və universitet binalarının 90%-dən çoxunu zədələdiyini və dağıtdığını müəyyən edib”, - sənəddə qeyd edilib.
Komissiyanın hesablamalarına görə, Qəzzada 658 mindən çox uşaq 20 aydır məktəbə getmir.
Məlumata görə, komissiya İsrail qüvvələri tərəfindən Qəzzada təhsil müəssisələri ilə bağlı bir sıra “qəsdən və lazımsız” yanğın hadisələrini sənədləşdirib və araşdırıb.
“Komissiya hesab edir ki, bu cür hərəkətlər İsrail təhlükəsizlik qüvvələrinin uzunmüddətli perspektivdə Fələstinin təhsilə çıxışını məhdudlaşdırmaq üçün bu obyektləri məhv etmək niyyətinin sübutudur”, - sənəddə bildirilib.