
İsrail ordusu Suriyanın cənubunda yerləşən Məzraat Beyt Cin bölgəsində HƏMAS qruplaşmasına hava zərbələri endirdiyini açıqlayıb.
Yeniavaz.com “Times of Israel”ə istinadən xəbər verir ki, bu, son bir ay ərzində İsrailin həyata keçirdiyi ilk hava hücumları kimi qeydə alınıb.
Rəsmi Təl-Əviv Suriya ərazisindən atıldığı deyilən mərmilərin cavabsız qalmayacağını vurğulayıb. İsrailin müdafiə naziri İsrael Katz isə məsuliyyəti birbaşa Suriya Prezidenti Əhməd əl-Şaraanın üzərinə atıb.
Hələlik HƏMAS tərəfi hücumla bağlı hər hansı açıqlama verməyib.
Digər tərəfdən, Suriya hökuməti hava zərbələrinin endirildiyi barədə xəbərləri təsdiqləməyib. Dəməşq “Əl-Cəzirə” telekanalı vasitəsilə bəyan edib ki, Suriya heç bir regional tərəf üçün təhlükə yaratmır və hücum xəbərləri reallığı əks etdirmir.
Qeyd edək ki, İsrail və Suriya son vaxtlar gərginliyi azaltmaq məqsədilə birbaşa danışıqlara başlamışdı.