
ABŞ-də Tramp administrasiyası Cənubi Kaliforniyada artan immiqrasiya etirazlarına cavab olaraq Milli Qvardiya qüvvələrinin Los-Ancelesə göndərilməsi qərarı verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Times” nəşrinə açıqlama verən Kaliforniya Mərkəzi Dairəsi üzrə müvəqqəti federal prokuror Bill Essayli bildirib. Onun sözlərinə görə, “nəzarətdən çıxan” vəziyyətin sabitləşdirilməsi üçün 2000 əsgərin bölgəyə yerləşdirilməsi planlaşdırılır və onlar yaxın 24 saat ərzində Los-Anceles dairəsinə çatacaqlar.
Lakin bu qərar yerli hakimiyyət tərəfindən kəskin etirazla qarşılanıb. Los-Ancelesin meri Karen Bass Tramp administrasiyasının atdığı bu addımı “tamamilə lazımsız” adlandırıb.
Xatırladaq ki, Kaliforniyanın cənubundakı Los-Anceles şəhərində ABŞ Miqrasiya və Gömrük İdarəsinin (ICE) keçirdiyi genişmiqyaslı reydlər etirazlara səbəb olub. ICE reydləri zamanı, o cümlədən müqavimət göstərənlər də daxil olmaqla, 44 qeyri-qanuni mühacir həbs olunub. Şahidlərin sözlərinə görə, reyd zamanı gözyaşardıcı qaz və partlayış qumbaralarından istifadə edilib.
Bunun nəticəsində 300-dən çox insan şəhər mərkəzinə toplaşaraq ICE-nin sərt taktikalarını və federal hökumətin hərbiləşdirilmiş cavabını pisləyib.