Azərbaycan BMT-nin İnsan İnkişaf İndeksində neçənci yerdədir? – Siyahı


Birləşmiş Millətlər Təşkilatı (BMT) 2025-ci il üçün İnsan İnkişaf İndeksi hesabatını açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan 0.789 xalla 193 ölkə arasında 81-ci yeri tutub.
Qeyd edək ki, İnsan İnkişaf İndeksi bir ölkədə insanların həyat səviyyəsini ölçən beynəlxalq göstəricidir.
İnsan İnkişafı İndeksi müəyyən bir ölkədə insanın həyat səviyyəsinin hərtərəfli göstəricisidir, buna görə də bəzən "həyat keyfiyyəti" və ya "yaşayış səviyyəsi" kimi anlayışların sinonimi kimi istifadə olunur. İndeks ölkənin səhiyyə, təhsil və vətəndaşlarının faktiki gəlirləri baxımından əldə etdiyi nailiyyətləri üç əsas istiqamət üzrə qiymətləndirir:
- Gözlənilən ömür – İnsanların orta hesabla neçə il yaşadığı nəzərə alınır. Bu göstərici ölkədə səhiyyənin vəziyyətini və insanların nə qədər sağlam yaşadığını göstərir.
- Təhsil səviyyəsi – Uşaqların məktəbdə neçə il oxuyacağı gözlənilir və böyüklərin orta təhsil müddəti hesablanır. Bu, ölkədə təhsilə çıxış imkanını göstərir.
- Gəlir səviyyəsi – İnsanların orta gəliri (alıcı gücünə uyğun olaraq) nəzərə alınır. Bu, insanların normal və rahat yaşayıb-yaşaya bilmədiyini göstərir.
İnsan İnkişaf İndeksi hesabatı hazırlanarkən yalnız iqtisadi göstəricilər deyil, bir çox digər vacib amillər də nəzərə alınır. Bunlara insan hüquqları və vətəndaş azadlıqları sahəsində vəziyyət, ictimai həyatda iştirak imkanları, sosial təminat və müdafiə sistemi, əhalinin ərazi və sosial mobillik dərəcəsi, mədəni inkişaf səviyyəsi, ətraf mühitin qorunması və ekoloji cinayətlərin qarşısının alınması daxildir.
Bu meyarlar tədqiqatın əhatə etdiyi ölkə və regionların siyasi, iqtisadi, sosial və ekoloji vəziyyətini kompleks şəkildə əks etdirir.
Hər bir ölkə İnsan İnkişaf İndeksi əsasında sıralanır və əldə etdiyi nəticəyə uyğun olaraq dörd əsas kateqoriyadan birinə daxil edilir:
Çox yüksək inkişaf səviyyəsi – 0.900-dən yuxarı
Yüksək inkişaf səviyyəsi – 0.800 – 0.899 arası
Orta inkişaf səviyyəsi – 0.500 – 0.799 arası
Aşağı inkişaf səviyyəsi – 0.500-dən aşağı
Onu da bildirək ki, son 5 ildə Azərbaycanın İnsan İnkişaf İndeksində sabit artım müşahidə olunub:
2021-ci il – 0.759 xal (88-ci yer)
2022-ci il – 0.769 xal (86-cı yer)
2023-cü il – 0.777 xal (84-cü yer)
2024-cü il – 0.784 xal (82-ci yer)
2025-ci il – 0.789 xal (81-ci yer)
Azərbaycanın region ölkələri arasındakı mövqeyi isə aşağıdakı kimidir:
Türkiyə – 0.853 xal (51-ci yer)
Gürcüstan – 0.844 xal (57-ci yer)
Qazaxıstan – 0.837 xal (60-cı yer)
Rusiya – 0.832 xal (64-cü yer)
Belarus – 0.824 xal (65-ci yer)
Ermənistan – 0.811 xal (69-cu yer)
İran – 0.799 xal (75-ci yer)
Azərbaycan – 0.789 xal (81-ci yer)
Moldova – 0.785 xal (86-cı yer)
Ukrayna – 0.779 xal (87-ci yer)
Türkmənistan – 0.764 xal (95-ci yer)
Özbəkistan – 0.740 xal (107-ci yer)
İnsan İnkişaf İndeksinin ən yüksək olduğu ölkə İslandiyadır. Siyahının ilk sırasında yer alan İslandiya 0.972 xala, ikinci və üçüncü yerdəki Norveç və İsveçrə isə 0.970 xala malikdir. Danimarka 0.962 xalla 4-cü, Almaniya və İsveç isə 0.959 xalla 5-ci və 6-cı yerlərdə qərarlaşıb.
Ən aşağı göstəricilər isə aşağıdakı ölkələrdə qeydə alınıb:
Cənubi Sudan – 0.388 xal (193-cü yer)
Somali – 0.404 xal (192-ci yer)
Mərkəzi Afrika Respublikası – 0.414 xal (191-ci yer)
Çad – 0.416 xal (190-cı yer)
Niger və Mali – hər biri 0.419 xal (189 və 188-ci yerlər).

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top