
Kiyevin Rusiya aerodromlarına hücumu Moskvaya Ukraynaya qarşı kütləvi zərbələr endirmək üçün bəhanə oldu.
Yeniavaz.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp iyunun 6-da axşam saatlarında jurnalistlərə bildirib.
“Onlar Putinə bəhanə verdilər ki, gedib dünən gecə onları bombalasınlar. Ona görə də xoşuma gəlmədi (Ukraynanın əməliyyatı). Bunu görəndə fikirləşdim ki, “bax, indi vuracaqlar”, - Tramp deyib.
ABŞ prezidenti Rusiya-Ukrayna müharibəsinin nüvə müharibəsinə çevrilməyəcəyinə də ümid etdiyini bildirib.
Tramp Senatın Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinə də münasibət bildirib və onu “çox güclü” adlandırıb. Lakin o, sənədi dəstəkləyib-dəstəkləmədiyini dəqiqləşdirməkdən imtina edib.
Xatırladaq ki, iyunun 1-də Ukrayna pilotsuz təyyarələri yük maşınlarının içərisində gizlədilən dronlardan istifadə edərək bir neçə Rusiya hərbi aerodromuna hücum edib. SBU-nun məlumatına görə, 40-dan çox Rusiya hərbi təyyarəsi məhv edilib. Britaniya Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) hesablamalarına görə, əməliyyat nəticəsində 12 təyyarə məhv edilib, ikisi isə zədələnib.
Bundan başqa, iyunun əvvəlindən Kursk, Bryansk və Voronej vilayətlərində körpülər partladılıb. Rusiya hakimiyyəti baş verənləri terror aktı adlandırıb. İyunun 6-na keçən gecə Rusiya ordusu Ukrayna ərazisinə 400-dən çox pilotsuz təyyarə və 40-dan çox müxtəlif tipli raketlər buraxıb.