
Amerikalı məişət kimyası və gigiyena məhsulları istehsalçısı “Procter & Gamble” (P&G) iki il ərzində 7 min ofis işçisini ixtisar etmək niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) şirkət rəhbərliyinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, ştatların ixtisarı yenidənqurma çərçivəsində həyata keçiriləcək və bu, işçilərin funksional imkanlarını genişləndirməli və daha kiçik işçi qrupları yaratmalıdır. Şirkət həmçinin bəzi kateqoriyalı mallardan imtina edərək bir neçə kiçik brendi satmaqla məhsul çeşidini azaltmağı planlaşdırır.
Xatırladaq ki, aprel ayında P&G rüblük satışların azaldığını bildirib və tələb tərəfindəki qeyri-müəyyənlik və qeyri-sabit geosiyasi vəziyyət səbəbindən cari maliyyə ili üçün satış proqnozunu aşağı salıb. Şirkət əlavə edib ki, ABŞ-nin artan rüsumlarının təsirini yumşaltmaq üçün o, məhsulların çeşidinin dəyişdirilməsi və bəzi malların qiymətlərinin artırılması da daxil olmaqla, xərcləri azaltmağı düşünür.
Qeyd edək ki,“Procter & Gamble” “Gilette, “Pampers” , “Head & Shoulders” və “Ariel” daxil olmaqla 80-ə yaxın brendi birləşdirən dünyanın aparıcı istehlak malları şirkətlərindən biridir. Keçən ilin iyun ayına olan məlumata görə, şirkət dünya üzrə təxminən 108 000 nəfəri işə götürüb.