
Məlum olduğu kimi, iyunun 2-də Yeniavaz.com-da “Azercell”ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür” sərlövhəli yazı dərc olunub.
Yeniavaz.com xəbər verir ki, bu yazı yayımlandıqdan qısa müddət sonra “Azercell” mobil operatoruna qarşı sosial şəbəkələrdə boykot çağırışları yayılmağa başlayıb.
Sosial şəbəkələrdə aparılan müzakirlərdən belə görünür ki, istifadəçilər “Azercell”in yeni tarif şərtlərinə etiraz edir və alternativ operator axtarışına çıxırlar.
Lakin bəzi insanlar belə suallar verirlər ki, “əgər digər operatorlar da eyni qiymətə xidmət göstərirsə, o zaman boykotun nə mənası var?”
Sosial şəbəkələrdə gedən bu müzakirələri nəzərə alaraq, boykotun əsl mənası, məqsədi və necə həyata keçirilməli olduğuna dair kiçik araşdırma apardıq.
Boykot nə deməkdir?
Boykot – bir şəxs, şirkət və ya təşkilatın məhsullarından, xidmətlərindən və ya fəaliyyətlərindən könüllü olaraq imtina etməkdir. Boykot ictimai etirazın dinc və təsirli vasitəsidir. Onun məqsədi adətən qarşı tərəfə mesaj göndərmək, narazılıq bildirmək və dəyişiklik tələb etməkdir.
Bu anlayış ilk dəfə 19-cu əsrdə İrlandiyada yer sahibi olan Çarlz Boykot adlı şəxsə qarşı tətbiq edilib və o vaxtdan bəri bütün dünyada bu termin işlədilir.
Qeyd edək ki, Çarlz Boykot 1832-ci ildə İngiltərədə doğulub. O, İrlandiyada torpaq sahibi Con Lord Ernin mülkündə idarəçi, yəni, torpaq icarəsi ilə məşğul olan və kəndlilərdən kirayə yığan şəxs olub.
1879-cu illərdə İrlandiyada kəndlilər ağır həyat şəraiti, baha kirayə və torpaq sahiblərinin ədalətsiz davranışlarına qarşı tez-tez etirazlar ediblər. O dövrdə İrland Kəndli Liqası adlanan bir təşkilat torpaq sahiblərinə qarşı mübarizə aparırdı. Belə bir vaxtda Çarlz Boykot bəzi kəndlilərin kirayəni azaltmaq xahişini qəbul etmir və onları torpaqdan qovur.
Buna cavab olaraq, İrland Kəndli Liqası yerli əhaliyə çağırış edir ki, bundan sonra Çarlz Boykotla heç kim danışmasın, ona xidmət göstərməsin, ticarət etməsin, işçi verməsin. Bu çağırışdan sonra Çarlz Boykotla heç kim işləməyib, mağazalar ona mal satmayıb, hətta poçt və nəqliyyat xidmətləri belə ona xidmət göstərməyib. Qısa müddət ərzində Boykot tamamilə sosial təcridə məruz qalıb.
Bu hadisə o qədər geniş yayılıb ki, mətbuat bu yeni dinc etiraz formasını “boykot” adlandırıb.
Boykot üçün mütləq alternativ lazımdırmı?
Yazının əvvəlində qeyd etdiyimiz kimi, “Azercell”i boykot etmək çağırışı edənlərin bəziləri daha əlverişli alternativ xidmət təqdim edən operatorun olmadığından gileylənirlər.
Bəs boykot üçün mütləq alternativ lazımdırmı? Əslində, boykot üçün əlverişli alternativin olması şərt deyil. Əsas məsələ vətəndaşın etiraz etdiyi davranış və ya siyasətdir.
Məsələn, bir şirkət qiymətləri əsassız şəkildə artırırsa və insanlar bu vəziyyəti qəbul etmirsə, onlar boykot etməklə həmin şirkətə “sənin siyasətini qəbul etmirik” mesajını verə bilərlər. Bu zaman alternativin olub-olmaması ikinci dərəcəli məsələdir.
Təsəvvür edin ki, şəhərdə yalnız bir çörək sexi var və o, qiymətləri süni şəkildə ikiqat artırır. İnsanlar məcbur olsalar da, oradan almayıb evdə çörək bişirməyə və ya başqa vasitələrə əl atmağa başlayırlar.
Yaxud, Azərbaycanda ictimai nəqliyyatda vahid tariflər tətbiq edilir. Yəni, Azərbaycanda ictimai nəqliyyatın alternativi yoxdur. Ancaq bu o demək deyil ki, ictimai nəqliyyatı boykot etmək olmaz. İctimai nəqliyyatı boykot etməyin ən təsirli vasitələrindən biri insanların piyada getməyə başlamasıdır.
Belə zamanlarda şəxsi avtomobili olanlar, boykot prosesi zamanı ictimai nəqliyyatı boykot edən vətəndaşlara dəstək olaraq, onlarla həmrəylik nümayiş etdirə bilərlər. Məsələn, avtomobili olan şəxs qohumlarını, dostlarını, tanışlarını, qonşularını avtomobili ilə işə, məktəbə və başqa yerlərə apra bilər. Bu artıq boykotdur – çünki məqsəd narazılıq bildirmək və nəticədə dəyişiklik tələb etməkdir.
Boykot birbaşa təzyiq deyil, lakin çox güclü bir ictimai təzyiq formasıdır. “Azercell” və ya başqa bir şirkətə qarşı boykot, yalnız alternativin olub-olmamasına görə yox, vətəndaşların narazılığının ifadəsi olaraq qiymətləndirilməlidir. Boykot edən şəxs hər zaman öz imkanları daxilində etirazını bildirə bilər. Bu, demokratik cəmiyyətin əsas göstəricilərindən biridir.
Boykot həm də hökumətlərin ictimai rəyə çıxış imkanıdır
Müasir dövlətlərdə hökumətlər tərəfindən həyata keçirilən islahatların uğurlu olması həm də ictimai rəyin necə öyrənilməsi ilə bağlıdır. Bu səbəbdən boykot ictimai rəyin öyrənilməsi istiqamətində hökumətlər üçün əvəzolunmaz vasitədir. Bir çox hallarda ictimai rəyi rəsmi hesabatlarda tam görmək mümkün olmur. Statistik rəqəmlər, rəsmi sorğular və təqdimatlar əsl ictimai rəyi əks etdirməyə bilir. Məhz belə hallarda ictimai boykotlar – yəni könüllü etirazlar ictimai rəyi aydın və şəffaf formada ortaya qoyur. Məsələn, bir şirkət qiymətləri süni şəkildə artırır və dövlətin nəzarət mexanizmləri buna vaxtında reaksiya verə bilmirsə, boykot bu boşluğu vətəndaş təşəbbüsü ilə doldurur. Hökumət üçün bu, həm vəziyyəti öyrənmək, həm də tədbir görmək üçün fürsətdir.
Elnur Əli