
“Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün Rusiya Prezidenti Vladimir Putin aparıcı Qərb ölkələrindən NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair yazılı təminat almaq istəyir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi Kremlin mövqeyi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
Agentlik qeyd edir ki, Rusiyanın tələbi Ukrayna, Gürcüstan, Moldova və əvvəllər SSRİ-nin tərkibində olan digər ölkələrin alyansa qoşulmasından rəsmi imtina deməkdir.
Agentliyin mənbələrinə görə, Rusiya tərəfi sülh sazişinin müqabilində əlavə olaraq istəyir:
- Ukraynanın neytral olması,
- Bəzi Qərb sanksiyalarının ləğvi,
- Qərbin dondurulmuş Rusiya aktivləri məsələsinin həll etməsi,
- Ukraynada rusdillilərin müdafiəsi.
Jurnalistlərin həmsöhbətlərindən birinin sözlərinə görə, Putin başa düşsə ki, öz şərtləri ilə sülh razılaşması əldə edə bilməyəcək, o, ukraynalılara və avropalılara hərbi qələbələri ilə sübut etməyə çalışacaq ki, sabah sülh daha ağrılı gəlsin. Kreml hesab edir ki, Rusiya sanksiyalara və Rusiya iqtisadiyyatı üçün fəsadlarına baxmayaraq, illərlə mübarizə apara bilər. Mənbə xəbərdarlıq edib ki, Putin döyüş meydanında taktiki fürsət görsə, Ukraynaya doğru irəliləyəcək.