
İşləyən qadınların məsuliyyətini işləməyən qadınların məsuliyyəti ilə müqayisə etmək olmaz. Buna görə də, işləyən qadınlar vaxtlarını düzgün bölüşdürməli və üstəlik, əlavə vaxtlarını daha çox ailələri ilə keçirməlidirlər.
Təbii ki, daha yaxşı nəticə almaq üçün bu işi planla da görmək olar. Məsələn, bunun üçün həftədə ən azı bir dəfə ailə iclası keçirə və ailənizlə bağlı problemləri bir yerdə müzakirə edə bilərsiniz.
İclasın müddətinə gəlincə bu, hər ailənin vəziyyətindən asılı olaraq dəyişə bilər. Ancaq hər ailə iclası orta hesabla 30-40 dəqiqə davam edə bilər.Təbii ki, burada əsas məsələ vaxt yox, valideynlərin sözlərinə əməl etmələridir.
Buna görə də, valideynlər o saatda bütün işlərini təxirə salmalı və bütün diqqətlərini ailələrinə yönəltməlidirlər. Digər tərəfdən, valideynlər uşaqlarından o günü necə keçirdiklərini soruşmaqla və ya uşaqlarının problemlərindən xəbərdar olmaqla “vəziyyətlərini yüngülləşdirə bilərlər”. Bu, həm də onlara uşaqlarını daha yaxşı başa düşməyə, eləcə də hərəkətlərini daha yaxşı təhlil etməyə imkanı verər. Uşaqlarınızla birgə keçirdiyiniz vaxt qurtardıqdan sonra onlarla münasibətinizi əvvəlki şəkildə davam etdirə bilərsiniz.
Bundan başqa, ev işlərində də həyat yoldaşınızdan və uşaqlarınızdan kömək istəyə bilərsiniz. Ancaq unutmayın ki, bütün bunlar məcburi şəkildə yox, könüllü şəkildə baş verməlidir. Başqa sözlə, kömək istəyərkən “Mən də işləyirəm, mənə kömək etməlisiniz” kimi ifadələrə yol verməməli, əksinə “Axşam qonaqlarımız gələcək, mənə kömək etsəniz, çox sevinərəm” kimi ifadələrə üstünlük verməlisiniz.
Əgər bu işin öhdəsindən heç cür gələ biləməyəcəyinizi düşünsəniz, o zaman bir mütəxəssisə müraciət edə bilərsiniz.
Aygün Vəliyeva