“Qızıl top”a ən iddialı namizəd – Lamin Yamal milyonları necə qazanır?


“Barselona” klubunun 17 yaşlı yarımmüdafiəçisi Lamin Yamal hələ yetkinlik yaşına çatmadan iki dəfə İspaniya çempionu olub.
Yeniavaz.com
“Forbes Sport”a istinadən xəbər verir ki, bu yay onun klubla yeni müqavilə imzalayacağı gözlənilir. Yeni müqaviləyə əsasən, o, “Barselona”nın ən çox maaş alan futbolçusu ola bilər.
Məşhur menecer Xorxe Mendeşin onun karyerasında böyük rolu var. Bundan əlavə, Yamalın reklam müqavilələri və Lionel Messinin ona təsiri də diqqət çəkir.
Yeni müqaviləyə əsasən, Yamalın illik maaşı 35-40 milyon avro olacaq. O, 2024-cü il iyulun 13-də 18 yaşını tamamlayacaq. Gənc yaşında olmasına baxmayaraq, Yamal artıq iki La Liqa çempionluğu, İspaniya Kuboku və Super Kubokunu qazanıb. O, ötən yay İspaniya millisinin heyətində Avropa çempionu da olub.
Yamalın brend dəyəri də sürətlə artır. Keçən yay onun “Barselona” formasının bir gündə 2,1 milyon dollar dəyərində satıldığı bildirilir. Bu, “Nike” şirkətinin satış rekordlarından biridir.
Xorxe Mendeş deyir: “Yamal bu mövsüm dünyanın ən yaxşı futbolçularından biridir. O, “Qızıl top”a layiqdir. Onun oyuna verdiyi töhfə təsir edicidir”.
Əgər Yamal bu mükafatı qazanarsa, “Qızıl top”un tarixində ən gənc qalib olacaq. Hazırkı rekord braziliyalı Ronaldoya məxsusdur – o, bu mükafatı 21 yaşında alıb.
2024-cü il mayın 15-də “Barselona”nın 28-ci çempionluğunu təmin etdiyi “Espanyol”la oyunda (2:0) qələbə qolunu məhz Yamal vurub. Bu mövsüm o, 19 qol vurub, 25 məhsuldar ötürmə edib.
Hazırda Yamalın illik maaşı 1,6 milyon avrodur. Yeni müqavilə ilə onun maaşı 35-40 milyon avroya yüksələcək. Bu, komanda daxilində narazılıq yaradıb. Məsələn, hazırda ən çox maaş alan oyunçu Robert Levandovskidir – o, ildə 33,3 milyon avro qazanır. Veteran oyunçular gənc futbolçuya bu qədər yüksək məvacib verilməsinin daxili balansı poza biləcəyindən narahatdırlar.
“Barselona”nın prezidenti Joan Laporta bildirib ki, Yamal klubu və ailəsini çox sevir. Onun sözlərinə görə, yeni müqavilə artıq razılaşdırılıb: “Onun maaşı dünyanın ən yaxşı futbolçularına uyğun olacaq. Messi ilə də belə olmuşdu. Biz düşünürük ki, Yamalın da yolu eynidir”.

Lionel Messi və “Adidas” əlaqəsi
Kataloniyada Yamalı Messi ilə müqayisə edirlər. Onun driblinqi və sol ayağı azarkeşlərdə eyni təəssürat yaradır. Maraqlıdır ki, Yamal 2007-ci ildə körpə ikən UNICEF və “Barselona”nın təşkil etdiyi xeyriyyə fotosessiyasında Messi ilə birlikdə şəkil çəkdirib.
Keçən il klub “Nike” ilə illik 127 milyon avro dəyərində müqavilə imzalasa da, Yamal brendini dəyişdi. “Adidas” Messi vasitəsilə Yamalı öz tərəfinə çəkdi. Messi ona zəng edərək “Adidas” ailəsinə qoşulmasını istəyib. Bundan sonra Yamal 32 milyon avro dəyərində 10 illik müqaviləyə imza atıb.

Reklam və şəxsi brend
2024-cü ildə Yamal İspaniyada “Google”da ən çox axtarılan idmançı olub. Böyük Britaniyada isə yalnız amerikalı gimnast Simon Baylsdan geri qalıb.
“Adidas” onun şərəfinə fərdi idman ayaqqabısı – LY304 modelini hazırlayıb. Bu modelin adı onun baş hərfləri və doğulduğu şəhərin poçt kodunu əks etdirir. Reklam kampaniyasında Yamal çəhrayı məzun paltarı ilə görünüb.
Başqa bir reklam çəkilişi üçün “Adidas” Barselona yaxınlığındakı çimərliyi icarəyə götürüb və yüzlərlə əməkdaşı çəkilişə cəlb edib.

Digər brendlərlə əməkdaşlıq
Yamal “Beats by Dr. Dre” markasının da simasıdır. O, bu brendin qulaqlıqlarını hələ peşəkar olmamışdan əvvəl də istifadə edirdi. “Beats” onunla “Lamine Records” adlı kampaniyada əməkdaşlıq edib.
Bundan başqa, o, “Powerade”, “Oppo” və “Konami” ilə də reklam müqavilələri bağlayıb.

DİGƏR XƏBƏRLƏR

Top