
Futbol ulduzu Lionel Messi və türkiyəli rəssam Refik Anadol birlikdə süni intellektlə sənət əsəri yaradıblar.
Yeniavaz.com “Forbes”ə istinadən xəbər verir ki, əsər Messinin karyerasındakı sevimli qoluna əsaslanıb.
Bu sənət əsəri iyunun 11-də Nyu Yorkdakı məşhur “Kristis” auksion evində satışa çıxarılacaq. Satışdan əldə olunan gəlir Latın Amerikası və Karib bölgəsində uşaqların təhsili üçün xərclənəcək.
Əsər iki hissədən ibarətdir: Messinin sevimli qolunun təsviri və həmin anla bağlı məlumatlardan süni intellektin yaratdığı vizual görüntü.
Messi bildirib ki, sevimli qolunu seçmək çətin olub. “Hər qolun öz yeri var, amma bu layihə üçün birini seçmək maraqlı oldu”, – deyə o bildirib.
Refik Anadol bu əməkdaşlığı “böyük şərəf” adlandırıb. O deyib ki, bu layihə ilə idmanın emosiyası və rəqəmsal sənət bir araya gəlir.
Layihə İnter Mayami CF Fondu və UNICEF-in birgə təşəbbüsüdür. Seçilmiş qol 22 may tarixində fondun “Instagram” səhifəsində açıqlanacaq.