“Uçan saray” 21-ci əsrdə ABŞ prezidentinə verilən ən bahalı hədiyyə olacaq


ABŞ Prezidenti Donald Trampın Qətər kral ailəsindən hədiyyə olaraq qəbul etməyi planlaşdırdığı 400 milyon dollara yaxın “Boeing 747-8” təyyarəsi 21-ci əsrin əvvəlindən bəri xarici ölkədən ABŞ prezidentinə verilən ən bahalı (hətta 100 dəfədən çox) hədiyyə olacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Portalın təhlilinə görə, Corc Buşun prezidentliyinin əvvəlindən Trampın ikinci müddətinə qədər prezidentlər ümumi məbləği 3,8 milyon dollar olan hədiyyələr qəbul ediblər.
Amerika liderlərinə ən çox kitablar, rəsmlər, əntiq əşyalar, zinət əşyaları və heyvanlar hədiyyə edilib.
“Axios” Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ və Bəhreyn də daxil olmaqla Körfəz ölkələrinin hədiyyələri arasında ən bahalısının Səudiyyə Ərəbistanı tərəfindən prezident Barak Obamaya verilən təxminən 500 min dollar dəyərində iki atdan ibarət bürünc heykəl olduğunu bildirib.
Portal həmçinin qeyd edib ki, ABŞ Konstitusiyası bütün hökumət üzvlərinə Konqresin icazəsi olmadan xarici dövlət başçılarından şəxsi hədiyyələr qəbul etməyi qadağan edir.
Əvvəllər Konqres prezidentlərə və digər hökumət rəsmilərinə bu cür hədiyyələri 480 dollardan çox olmayan məbləğdə saxlamağa icazə verirdi. Əks halda, bu əşyalar yalnız ABŞ Milli Arxivinə təhvil verilməsi şərti ilə qəbul edilə bilər.
Qeyd edək ki, mayın 11-də “ABC News” telekanalı mənbələrə istinadla xəbər verib ki, Qətər kral ailəsi Amerika liderinə “uçan saray” hədiyyə etməyi planlaşdırır. İttihamlara cavab olaraq Tramp bildirib ki, “Boeing” şəxsən ona yox, Pentaqona verilir. O əlavə edib ki, təyyarə hökumət tərəfindən müvəqqəti olaraq 1 nömrəli bort kimi istifadə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top