Hərdən ona uşaqlığını xatırladın…


Uşağın istər fiziolioji, istərsə də psixoloji inkişafında mühüm rol oynayan amillərdən biri də valideyn və uşaq arasında ünsiyyəti artırmaqdır.
Təbii ki, bunun üçün kifayət qədər üsullar mövcuddur. Bu üsullardan biri də uşağa uşaqlığı haqqında danışmaqdır. Çünki uşaqlar daha çox yaşadıqları zaman intervalını xatırlayırlar. Ona görə də, istər uzaq, istərsə də yaxın keçmişi xatırlamaqda çətinlik çəkirlər.
Atanın və ananın uşağa keçmişi ilə bağlı bəzi xatirələrini danışması onun ailəsi ilə bağlı müsbət düşünməsinə səbəb olur. Digər tərəfdən, bu, uşağın təkcə ailəsi ilə bağlı yox, ümumiyyətlə, ailə ilə bağlı müsbət düşünməsinə gətirib çıxarır. Uşağa uşaqlığı haqqında danışmağın bir müsbət cəhəti də ailədə uşaqlar arasındakı qısqanclığı azaltmaqdır. Uşağa nə qədər ondan kiçiklərin daha çox qayğıya ehtiyacı olduğunu ifadə etsəniz də, bu məlumat onun üçün o qədər də inandırıcı olmayacaq.
Bu baxımdan uşaqların eyni fədakarlığa (uşağı yedizdirmək, uşağı geyindirmək və s. kimi) onların da layiq olduqlarını düşünməıəri təbiidir. Ancaq uşağınıza uşaqlıq xatirələrini danışsanız, onun da qardaşının və ya bacısının yaşadıqlarını yaşadığını öyrənər və bu da onun qardaşına və ya bacısına qarşı münasibətinin dəyişməsinə müsbət təsir göstərər. Ancaq bütün bunlar uşağı, nesə deyərlər, ələ almaq məqsədi ilə edilməməli, dediyiniz hər bir söz mümkün qədər ən səmimi şəkildə ifadə edilməlidir.
Digər tərəfdən. uşaqların təxəyyül imkanları çox geniş olur və eşitdiklərini xəyallarında canlandırmağa çalışırlar. Buna görə də, uşaqlara uşaqlıqlarından danışarkən bütün təfərrüatlarına qədər danışmaq lazımdır. Məsələn, “Sənə yemək yedirirdim, əynində təzə paltarın var idi, stolun üstündəki yeməyi dağıtdın, ikimizin də üstü bulaşdı, ikimiz də o ki, var güldük”...
Bundan başqa, uşağınıza necə yeməyindən, necə yatmağından, necə iməkləməyindən, necə dil açmağından və s. də danışa bilərsiniz. Ancaq burada diqqət yetirəcəyiniz məsələ bu cür ünsiyyətlərdə səs tonunuzdan, mimikalarınızdan və hətta hisslərinizdən maksimum şəkildə istifadə etməkdir.

Aygün Vəliyeva

DİGƏR XƏBƏRLƏR

Top