
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında keçiriləcək sammitdə Fələstini müstəqil dövlət kimi tanıya bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Media Line” Fars körfəzi ölkələrindən birindəki diplomatik mənbəyə istinadla məlumat yayıb.
“Prezident Donald Tramp Fələstin dövləti və onun Amerika tərəfindən tanınması ilə bağlı bəyannamə ilə çıxış edəcək”, - deyə diplomatik mənbə bildirib.
Onun sözlərinə görə, Tramp həmçinin “HƏMAS-ın iştirakı olmadan Fələstin dövlətinin yaradılmasını” elan edəcək.
Gözlənilir ki, bu, Yaxın Şərqdə qüvvələr balansını dəyişəcək ən mühüm bəyannamə olacaq. Bu isə nəticə etibarı ilə daha çox ölkənin “İbrahim razılaşmaları”na qoşulmasına səbəb olacaq.
Qeyd edək ki, mayın 3-də “Axios” portalı Trampın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Fars körfəzi ölkələrinin dövlət başçılarının iştirakı ilə sammit keçirmək niyyətində olduğunu bildirib.
Ağ Ev rəhbərinin Ər-Riyada gəlişi mayın 13-nə planlaşdırılır, sammit isə ertəsi gün baş tuta bilər.