Hindistanda Azərbaycana qarşı sərt boykot çağırışları edilir – “HindustanTimes”


Xəbər verdiyimiz kimi, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Hindistan ilə Pakistan arasında gərginliyin artması ilə bağlı bəyanat yayıb.
Yeniavaz.com
“HindustanTimes”ə istinadən xəbər verir ki, Azərbaycan XİN-in bəyanatı Hindistanda etirazla qarşılanıb.
“HindustanTimes” yazır ki, Azərbaycan XİN-in bəyanatında Hindistanın hücumları pislənib və ölkənin Pakistan xalqı ilə həmrəy olduğu vurğulanıb.
Məqalədə daha sonra qeyd olunur ki, bu bəyanatlardan sonra Hindistan ictimaiyyətində qəzəb dalğası yüksəlib. Sosial şəbəkələrdə minlərlə hindli istifadəçi Azərbaycan və Türkiyəyə qarşı sərt çıxışlarla boykot çağırışları edib.
Məsələn, “X” (keçmiş “Twitter”) istifadəçisi Anant Ladha bildirib:
“Azərbaycan (Bakı) və Türkiyə indi Hindistanın gücünü görməlidir. Bu yerləri bayram planlarımızdan çıxarmalıyıq”.
“Daha Bakıya səfər etməyin. 2024-cü ildə Azərbaycan hindistanlı turistlərin sayında əhəmiyyətli artım gördü. İndi onlara hindli turistlərin gücünü göstərin!” - digər bir istifadəçi Alok Jain qeyd edib.
Bəzi çağırışlar daha konkret xarakter alıb. “The Skin Doctor” adlı istifadəçi Ermənistanı və Yunanıstanı alternativ turizm istiqaməti kimi tövsiyə edib.
“Goa Villas” adlı villa kirayəsi şirkəti isə Qoada ştatında Türkiyə vətəndaşlarına yerləşdirmə xidmətini dayandırdığını elan edib.
Qeyd edək ki, Rusiya və Türkiyədən sonra Azərbaycana ən çox səfər edən Hindistan vətəndaşlarıdır. Ötən il Azərbaycana 244 mindən çox Hindistan vətəndaşı səfər edib.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top