“Çox hörmətli bir ölkə ilə böyük ticarət razılaşması əldə olunub” – Tramp


ABŞ Prezidenti Donald Tramp mayın 8-də Bakı vaxtı ilə saat 18:00-da (yerli vaxtla 10:00-da) Oval kabinetdə mətbuat konfransı keçirəcəyini açıqlayıb. 
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib. Prezident bildirib ki, böyük və çox hörmətli bir ölkə ilə böyük ticarət razılaşması əldə olunub.
Donald Tramp daha sonra paylaşdığı başqa bir məlumatda bu ölkənin Böyük Britaniya olduğunu açıqlayıb.
“The New York Times” qeyd edir ki, bu, ABŞ prezidenti tərəfindən son illərdə tətbiq olunan tariflər fonunda elan ediləcək ilk böyük razılaşma olacaq. Daha əvvəl Tramp 75-dən çox ölkəyə qarşı “qarşılıqlı” tariflər tətbiq edib və danışıqlar aparılması üçün onların qüvvəsini 90 günə dayandırıb. Bununla belə, Böyük Britaniyaya tətbiq edilən 10 faizlik tarif ləğv edilməyib.
“The New York Times” daha sonra qeyd edir ki, bu saziş hər iki ölkə üçün strateji əhəmiyyət daşıyır. Sənaye məhsulları, kənd təsərrüfatı malları və texnologiya sahəsində əməkdaşlığın genişlənməsi nəzərdə tutulur. Britaniyanın Amerika avtomobilləri və kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi tariflərin azaldılması, eləcə də ABŞ texnologiya şirkətlərinə tətbiq olunan vergilərin ləğvi müzakirə mövzusu olub.
Qeyd edək ki, Britaniya daha əvvəl ABŞ ilə razılaşma əldə etmək üçün əlverişli mövqedə olduğunu bəyan edib və müvafiq razılığın iki-üç həftə ərzində əldə olunacağını gözlədiyini bildirib. ABŞ isə Çini iqtisadi təzyiqlə təcrid etmək məqsədi ilə Yaponiya, Hindistan və Cənubi Koreya ilə də oxşar danışıqlar aparır.

DİGƏR XƏBƏRLƏR

Top