
Sərnişinlərə paylanılaraq gömrük sərhədindən qanunsuz keçirilməsinə cəhd göstərilən mallar aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
Bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş malların gömrük qaydaları pozulmaqla müxtəlif sərnişinlərə paylanılaraq şəxsi istifadə məqsədli mallar qismində gömrük sərhədindən qanunsuz keçirilməsi cəhdinin qarşısı alınıb.
“Nəzarət tədbirləri çərçivəsində sözügedən malları xarici ölkədə sərnişinlərə paylayan Azərbaycan Respublikası vətəndaşının gömrük nəzarəti zonasını tərk etdikdən sonra həmin şəxslərdən topladığı və Heydər Əliyev adına Beynəlxalq Aeroportunun dayanacağındakı avtomobilinə yerləşdirdiyi müəyyənləşdirilib.
Avtomobilə keçirilən baxış zamanı ölkə ərazisinə şəxsi əşya adı altında gətirilən kommersiya təyinatlı mallar - 10 ədəd müxtəlif markalı mobil telefon, 25 ədəd elektron siqaret, 1810 ədəd siqaret və tütün məmulatı, xeyli miqdarda kosmetik vasitələr və ətirlər hüquqpozma predmeti kimi götürülüb.
İlkin araşdırma zamanı sərnişinlər gətirdikləri malların bir şəxsə aid olduğunu bildiriblər.
Faktla bağlı araşdırma aparılır”, - məlumatda deyilir.