
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədə yerləşən 870 MVt gücündəki Orta Anadolu Təbii Qaz Elektrik Stansiyasını almaq üçün təklif təqdim edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, SOCAR “Gama Energy Inc.” şirkətinə 225-250 milyon dollar arasında qeyri-məcburi təklif göndərib. Hər iki tərəf hazırda bu təklif əsasında danışıqları davam etdirməyə razılıq verib. Lakin SOCAR hələ rəsmi, məcburi təklif təqdim etməyib və sövdələşmə yalnız hər iki şirkətin direktorlar şurasının təsdiqindən sonra baş tutacaq.
“Gama Energy” qazla işləyən bu stansiyadan başqa su və külək enerjisi layihələrinə də sahibdir. Ekspertlər hesab edirlər ki, stansiyanın mümkün satışı şirkətin qazla işləyən enerji istehsalından çıxmaq strategiyasının tərkib hissəsidir. Bu addım tənzimlənən qiymət siyasəti səbəbindən qaz operatorlarının mənfəət marjasının daralması fonunda baş verir.
SOCAR-ın bu potensial alışı, onun Türkiyənin böyüyən elektrik enerjisi bazarında aktiv iştirakını genişləndirməyə xidmət edir. Hazırda Azərbaycan Türkiyənin Rusiyadan sonra ikinci ən böyük qaz tədarükçüsüdür və bu ölkə vasitəsilə Avropaya qaz ixrac edir. İstehsalçı müəssisənin alınması isə SOCAR üçün yalnız qaz tədarükçüsü olmaqdan əlavə, elektrik enerjisi bazarından da gəlir əldə etmək imkanı yaradacaq.
Hər iki tərəf – həm SOCAR, həm də “Gama Energy” məsələ ilə bağlı rəsmi açıqlama verməkdən imtina edib.
Elnur Əli