
Gürcüstanın müxalif “Mtavari Arxi” telekanalı maliyyə çətinliyi ilə əlaqədar yayımını dayandırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə telekanalın açıqlamasında deyilir.
Telekanal 5 il 8 ay fəaliyyət göstərib və bu müddət ərzində xeyli çətinliklərlə üzləşib.
Yayım başa çatdıqdan sonra “Mtavari Arxi”nin yalnız rəqəmsal şöbəsi qalacaq. Başqa sözlə, bu mərhələdə yalnız internet saytı və sosial media platformaları fəaliyyətini davam etdirəcək.
Televiziya kanalını yandırdığınız zaman ekranda belə bir mesaj görünür: “Mtavari Arxi burada idi, baxdığınız üçün təşəkkür edirik, əsas sizsiniz”.
Qeyd edək ki, 2024-cü ilin dekabrında “Mtavari Arxi”nin baş direktoru Giorgi Qabuniya telekanalın sahiblərindən biri, iş adamı Zaza Okuaşvilinin kanalı bağlamaq qərarına gəldiyini elan edib.
Fevralın ortalarında isə kanal maliyyə böhranı ilə əlaqədar yayımını məhdudlaşdırıb, canlı verilişlərin, o cümlədən xəbər verilişlərinin yayımını dayandırıb.
Xatırladaq ki, “Mtavari Arxi” telekanalı 2019-cu ildə indiki müxalif siyasətçi, əvvəllər “Rustavi 2” televiziya şirkətinə rəhbərlik etmiş Nika Qvaramiya tərəfindən təsis edilib. Telekanal elə həmin il sentyabrın 9-dan yayımlanmağa başlayıb.