
Bazar ertəsi Kanadada İcmalar Palatasına (parlamentin aşağı palatası) 45-ci seçki keçirilib.
Yeniavaz.com xəbər verir ki, Mark Karninin rəhbərlik etdiyi hakim Liberal Partiyası seçkilərdə qalib gəlib, lakin ölkə parlamentinin aşağı palatasında yerlərin əksəriyyətini əldə edə bilməyib.
Bu səbəbdən Karni azlıq hökuməti qurmağa məcbur olacaq.
Bildirilir ki, ölkənin federal seçkilərində səsvermə hüququna malik olanların 68 faizindən çoxu və ya 19,5 milyondan çox insan səs verib. Bu seçkilərdə iştirakın artacağı gözlənilsə də, bu, 1958-ci ilin martında, kanadalıların 79,4 faizinin səs verdiyi zaman qeydə alınan rekordu ötməyib. Lakin 68,7 faizə yaxın seçici fəallığı 1993-cü ildə keçirilən federal seçkilərdən bəri ən yaxşısı olub. O zaman seçicilərin 69,6 faizi səs verib.
Seçkidə qalib gəldikdən sonra Karni tərəfdarlarına Trampın Kanadanı ələ keçirmək üçün onu parçalamaq istədiyini deyib. Bu mövzu seçki kampaniyası zamanı Karninin ritorikasının əsas mövzusuna çevrilib.
“Bu heç vaxt baş verməyəcək”, - liberal lider deyib.
Karni seçildikdən sonra çərşənbə axşamı ABŞ Prezidenti Donald Trampla telefonla danışıb və yaxın gələcəkdə Kanada-Amerika münasibətlərini müzakirə etmək üçün şəxsən görüşməyə razılaşıb. Bu görüşün nə vaxt və harada keçiriləcəyi dəqiqləşdirilməyib.
Bundan əlavə, Kanada tərəfinin verdiyi məlumata görə, Tramp Karnini Liberal Partiyasının qələbəsi münasibətilə təbrik edib.