
İsrailin baş nazirinin həyat yoldaşı Sara Netanyahu Qəzza zolağında 24-dən az israilli girovun sağ qaldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu, girov götürülmüş şəxslərin qohumlarının iştirakı ilə keçirilən görüşdə baş verib.
İclasa ölkənin Baş nazir Benyamin Netanyahu, sağında həyat yoldaşı Sara, solunda isə nəqliyyat naziri Miri Regev ev sahibliyi edib. Hökumət başçısı İsrail hərbçilərinin Livan, Suriya, İran və Yəməndəki uğurlarından geniş danışıb, daha sonra həyat yoldaşı çıxış edib.
Bu zaman nazir Regev baş nazirin qarşısında uzanmış bir kağız parçasına bir neçə söz yazıb, bundan sonra yoldaşının çıxışını yarımçıq kəsib və bəyanatını təkcə hərbi qələbələrin əldə edilməsinin deyil, həm də Qəzzadan qaçırılanların hamısının xilas edilməsinin vacibliyinə dair sözlərlə tamamlayıb.
“Biz artıq 196 girovu qaytarmışıq, onlardan 147-si sağdır. Hələ də 24-ə qədəri sağdır”, - Netanyahu bildirib.
Bu rəqəmlərə diqqətlə qulaq asan yoldaşı pıçıltı ilə deyib: “Az”.
Baş nazir susub və əlavə edib: “Mən “qədər” dedim. Qalanları isə təəssüf ki, sağ deyil, biz onları geri qaytaracağıq”.