
Göyçay sakini Əliyev Cavid Nüsrət oğlu rayonda antisanitariya vəziyyətinin hökm sürdüyünü iddia edir.
O bu iddia ilə Yeniavaz.com-a müraciət edib.
Cavid Əliyevin sözlərinə görə, rayon mərkəzində əksər küçələri zibil və pis qoxu bürüyüb.
“Göyçay rayonu bərbad günə düşüb. Mərkəzi bir-iki küçəni üzdən təmizləyib gözdən pərdə assalar da, əksər küçələri zibil və pis qoxu bürüyüb. Kanalizasiya lüklərinin qapağı olmadığına görə açıq vəziyyətdə qalıb, səkilər və asfalt örtüyü dağılıb yararsız vəziyyətə düşüb. Küçələrin çoxunda qutular olmadığı üçün, zibili yerə, ağacların dibinə tökürlər. Zibil vaxtlı-vaxtında təmizlənmədiyi üçün günlərlə, hətta həftələrlə qalıb dəhşətli antisanitar vəziyyət yaradır. Küçələrin çoxunda işıqlandırma olmadığı üçün gecələr zülmət qaranlıq olur. Küçə itləri insanlara hücum edib təhlükə yaradır”,- sakin qeyd edib.
C.Əliyev, həmçinin sözügedən iddialarını əsaslandıran fotoları da redaksiyamıza təqdim edib.









Yeniavaz.com-un məsələ ilə bağlı müvafiq sorğusuna cavab olaraq Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, məişət tullantılarının daşınması, toplanması prosesində istifadə olunan xüsusi təyinatlı texnikaların, konteynerlərin və tullantı qutularının alınması məqsədilə Nazirlər Kabinetinə müraciət ünvanlanıb:
“Şəhər ərazisində hər gün müəyyən edilmiş qrafikə uyğun olaraq məişət tullantılarının götürülməsi və yol kənarlarının təmizlənməsi işləri aparılır. Həmçinin rayon icra hakimiyyəti tərəfindən məişət tullantılarının daşınması, toplanması prosesində istifadə olunan xüsusi təyinatlı texnikaların, konteynerlərin və tullantı qutularının alınması məqsədilə Nazirlər Kabinetinə müraciət ünvanlanıb. Kanalizasiya quyularının açıq olması ilə bağlı Göyçay Su Meliorasiya Sistemləri İstismarı İdarəsinin əməkdaşları tərəfindən ərazilərə baxış keçirilib və şəhər ərazisində örtüyü olmayan quyu aşkar edilməyib”.
Qurumdan həmçinin bildirilib ki, rayon ərazisində sahibsiz küçə itlərinin sayının artması səbəbindən Göyçay bələdiyyəsi tərəfindən “İDEA” Heyvanlara Qayğı Mərkəzi İctimai Birliyi ilə müqavilə bağlanaraq itlərin sığınacağa yerləşdirilməsi təmin edilir.
“Şəhər ərazisindəki küçələrin işıqlandırılması prosesi mərhələli şəkildə davam etdirilir. Ümumilikdə şəhər ərazisində son iki il ərzində 25-dən çox küçə və 2 park ərazisi işıqlandırılıb.
Abadlıq işləri çərçivəsində avtomobil yollarının və səkilərin əsaslı təmiri, asfaltlanması, fərdi yaşayış evlərinin fasad və çöl barı hissəsinin üzlənməsi, eləcə də yaşıllıqların salınması işləri də paralel olaraq davam etdirilir”, - İcra Hakimiyyətinin məlumatında deyilir.
Lamiyə Məmmədova