
26 aprel 2025-ci il tarixində Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində, 20 və 21-ci binaların qarşısında məhəllə sakinləri üçün yeni istirahət guşəsi (söhbətgah) istifadəyə verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, layihə sakinlərin müraciəti, Tahir Mirkişilinin təşəbbüsü və Sumqayıt şəhər İcra Hakimiyyətinin və “Qartal” Tikinti Şirkətinin dəstəyi ilə həyata keçirilib.
“Görüşdə Milli Məclisin deputatı Tahir Mirkişili, “Qartal Tikinti Şirkəti”nin rəhbəri Şahin Məmmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, şəhər İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar və yerli sakinlər iştirak ediblər”, - deputatın yaydığı məlumatda bildirilir.
Söhbətgahın təmtəraqlı açılış mərasimi sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub.
Deputat dərc etdiyi məlumata görə onu qınayanlardan birinə belə cavab verib:
“Bunu bir iş adamı edib sakinlər üçün, biz də gəlib ona təşəkkür etmişik. Bizim üçün sakinlərin rahatlığı, sahibkarların sosial təşəbbüskarlığı önəmlidir. Yoxsa hər bir təşəbbüs göstərən sahibkarı qaralayıb, onu ruhdan salmaqla nə əldə edəcəyik ki?”